CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Xidməti ABŞ dolları ilə cərimə məsələsinə aydınlıq gətirdi

“Dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddənin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 ABŞ dollarıdır”
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sosial şəbəkədə yayılan gürcü nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşı barədə səslənən iddialara cavab verib.

Sputnik Azərbaycan-a DANX-ın Hüquqi təminat və nəzarət işinin təşkili şöbəsinin müdiri Fuad Məmmədov bildirib ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan videoda müfəttişin gürcü nömrə nişanlı avtonəqliyyat vasitəsilə ölkə daxilində qeyri-qanuni sərnişin daşımasını icra edən Gürcüstan Respublikasının vətəndaşına məlumat üçün səsləndirdiyi 400 ABŞ dolları məbləğində cərimə haqqında ictimaiyyət arasında çaşqınlıq yaradan informasiyalar yayılıb: "Məlumat üçün deyim ki, "Dövlət Rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələrinə dair 24-cü maddəsinin 24.6-cı bəndinə müvafiq olaraq rüsumun məbləği 400 ABŞ dollarıdır".

Qeyd edək ki, sözügedən məsələ sosial şəbəkələrdə müzakirəyə səbəb olmuşdu. İnsanlar cərimənin məbləğinin niyə ABŞ dolları ilə səsləndirilməsindən narazılıq edirdi.

Qanuna görə isə xarici ölkə vətəndaşları üçün (hətta milliyətcə azərbaycanlı olsa belə) cərimə ABŞ dolları ilə nəzərdə tutulub.