BAKI, 25 sentyabr — Sputnik. "Hava proqnozlarının əhaliyə daha dolğun, operativ çatdırılmasının yollarından biri sosial şəbəkə və saytlardır. Saytlarda çox sayda müxtəlif xarici mənbələrə aid olan proqnozlar yayımlanır".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, əhali bu məlumatların hansının doğru, hansının yanlış, hansının rəsmi məlumat olduğunu araşdırmadan qəbul edir: "Müxtəlif mənbələrdə eyni məkan və eyni gün üçün olan fərqli məlumatlar onlarda çaşqınlıq yaradır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan meteo.az saytı bu qeyri-müəyyənlikləri aradan qaldırmaqla, əhaliyə, bizim ölkəyə səfər planlaşdıran insanlara daha dolğun, eyni zamanda digər mənbələrdən fərqli olaraq ölkəmizin yerli şəraitini, relyefini, Xəzər dənizinin təsirini və digər amilləri nəzərə almaqla hazırlanan proqnozları əldə etmək imkanı verəcək. Saytdan faktiki hava şəraiti, Bakı üçün həftəlik hava proqnozu, ayrı-ayrı bölgələr üzrə hava məlumatları əldə etmək mümkün olacaq. Həmçinin gözlənilən əlverişsiz və təhlükəli hadisələr haqqında xəbərdarlıqlar açıq mətnlə yanaşı, dünya təcrübəsində geniş istifadə olunan rəngli şkalada əks etdiriləcək".
Umayra Tağıyeva bildirib ki, Azərbaycanda meteoroloji müşahidələrin 100 ildən artıq tarixə malik olduğunu nəzərə alaraq, illər üzrə maraqlı rekord temperatur göstəriciləri təqdim ediləcək: "Sayt istifadəçilərinin marağını nəzərə alaraq, burada fermerlər üçün aqrometeoroloji şərhlər, meteohəssas insanlar üçün tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlar, səyahətə çıxanlar üçün avtomobil yolları üzrə meteo-məlumat, ilin isti mövsümündə çimərliklər, ilin soyuq dövründə isə qış kurortları üçün məlumatlar olacaq. Saytın digər özəlliyi bundadır ki, bəzi fiziki məhdudiyyətli insanlar üçün səsli hava proqnozları təqdim ediləcək. Bununla yanaşı, hava-iqlim mövzusunda istər ölkəmizdə, istər dünyada baş verən proseslər və hadisələr işıqlandırılacaq".