MƏDƏNİYYƏT

Onuncu Avropa Film Festivalına Bakıda start verildi

Bakıda Avropa Film Festivalının 10 illik yubileyi ilə bağlı on dörd məftunedici Avropa kino günləri keçiriləcək
Sputnik

BAKI, 25 sentyabr — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri və Park Cinema ilə əməkdaşlıqda Bakıda 10-cu Avropa Film Festivalını təşkil edəcək. Avropa Film Festivalı 2-16 oktyabr tarixlərində keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, proqrama 14 Avropa İttifaqı ölkəsindən (Xorvatiya, Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, İspaniya və İsveç) və Azərbaycandan 15 filmin nümayişi daxildir. Filmlər bütün seyrçi kütlələri üçün seçilib.

Festivalda Avropa kino industriyasının ən son trendləri ilə tanış olmaq, Festivalın qonaqları olan Avropanın aparıcı film rejissorları ilə görüşmək və müzakirə aparmaq imkanı təklif ediləcək. Festivalın qonaqları Latviyadan  Vestur Kairiş və Almaniyadan Veit Heymerdir. Yubileylə əlaqədar Park Cinema qonaqlara Festival günlərində onlara ən uyğun ola biləcək vaxtda gündə bir film təqdim edəcək. Giriş sərbəst olacaqdır, ancaq biletlər filmin nümayiş olunduğu gündə müvafiq kassalardan əldə edilə biləcək.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film industriyası vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 133 film nümayiş etdirilib, Avropanın 23 film rejissoru və aktyoru Azərbaycana səfər edib.