Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan Milli Ordusunun əsgəri, cəbhəboyu zonada düşmən tərəfinin gülləsinə tuş gəlmiş, 2000-ci il təvəllüdlü Ramin Şövkət oğlu Abdulrəhmanovla vida mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, əsgərlə vida yaşadığı evdə keçirilib. Sonra şəhid Quba şəhər qəbiristanlığında dəfn olunub.
Əsgərin dəfnində izdiham yaşanıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, ictimaiyyət nümayəndələri, sakinlər, rayonun hüquq-mühafizə orqanlarının rəsmiləri, əsgərin qulluq etdiyi hərbi hissənin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəsmiləri, o cümlədən Prezident Administrasiyasının rəsmisi Habil Əzməmmədov mərasimdə iştirak ediblər.
Onu da qeyd edək ki, Ramin şəhid olmamışdan 3 gün öncə ailəsinə zəng edərək oktyabrın 10-da məzuniyyətə gələcəyini bildirib.