CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vurğun Əyyub bu gün dəfn ediləcək

Keçmiş TQDK sədri bu gün Bakının Hövsan qəsəbəsi yaxınlığınakı "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq
Sputnik

BAKI, 22 sentyabr - Sputnik. Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri Vurğun Əyyub vəfat edib.

Bu barədə Sputnik Azərbaycan-a V. Əyyubun qohumları bildirib.

Mərhum bu gün saat 16:00 radələrində Hövsan qəsəbəsi yaxınlığınakı "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq. Vurğun Əyyub Xətai rayonu İlqar Zülfüqarov 29/42a ünvanından son mənzilə yola salınacaq. 

Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. O, 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir. Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı "Çənlibel" elmi-ədəbi birliyinin sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə sovet məkanında ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib. 

Allah rəhmət eləsin!