UEFA AVRO-2020-nin 12 təşkilatçı ölkəsində 600 min ağac əkəcək

UEFA Prezidenti Aleksander Çeferin çərşənbə axşamı Lyublyanada AVRO-2020 final turniri çərçivəsində iqlim dəyişikliyi problemlərinin həllinə istiqamətlənmiş böyük sərmayələr haqqında bəyanat verib.
Sputnik

Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək və uzunmüddətli bir miras qoymaq üçün UEFA AVRO-2020-nin 12 təşkilatçı ölkəsinin hər birində 50 min ağac əkəcək. Bu barədə qurumun rəsmi saytı məlumat verir.

Bundan əlavə, UEFA “South Pole” təşkilatı ilə birlikdə bərpa olunan enerji sahəsində qızıl standarta uyğun layihələrə investisiyalar qoyacaq. Bu layihələr turnirin oyunlarına azarkeşlərin və UEFA əməkdaşlarının gəlməsi nəticəsində yaranan təxminən 405 min ton karbon qazını kompensasiya etmək üçün nəzərdə tutulub.  

Bu planı açıqlayarkən Aleksander Çeferin deyib: “AVRO-2020 qitənin hər yerində baş tutacaq Avropa futbolunun bir bayramıdır. Turnirin xüsusiyyətləri ənənəvi formatla müqayisədə bir sıra üstünlüklər verir. AVRO bütün Avropa üzrə müxtəlif icmalara bu matçları izləmək imkanını verməklə, beton və digər resurslar üçün böyük ekoloji xərclərə səbəb olan çox sayda yeni stadion və lazımı nəqliyyat qovşaqlarının inşasından qaçır.”

“Lakin bunun da öz qiyməti var - komandalarının matçlarını görmək istəyən azarkeşlərin səfərlərinin sayı artacaq. UEFA öz məsuliyyətinə ciddi yanaşır və istehsal etdiyimiz karbon tullantılarını kompensasiya etməyimiz doğrudur. “South Pole” ilə əməkdaşlıq bərpa olunan enerji mənbələri sahəsində qızıl standarta uyğun layihələr yaratmağa kömək edəcək. Onların isə planet üçün qalıcı əhəmiyyəti olacaq”, - UEFA rəhbəri əlavə edib.

“Bundan əlavə, biz Avropa çempionatlarının 60 illiyini qeyd etmək istəyirdik və bunu ekoloji irslə birləşdirmək məntiqli bir addım olardı. 600 min ağac - ev sahibliyi edən 12 ölkənin hər birində təxminən 50 min ağac əkiləcək. İnanıram ki, bu təşəbbüs nəticəsində bütün bu icmalar ölkələrində keçiriləcək AVRO-2020-dən fayda qazana biləcəklər”, - Çeferin deyib.

UEFA “İqlim naminə idman” layihəsinin üzvüdür.