SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazirlər yaxın vaxtda yenidən görüşəcəklər – Rəsmi Yerevan

Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan bir daha görüşəcəklər. Ermənistan XİN bu barədə məlumatla çıxış edib
Sputnik

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan yaxın vaxtda yenidən görüş keçirəcəklər. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Nyu-Yorkda keçirilən görüş ilə bağlı yaydığı bəyanatda bildirilir.

"Ermənistan tərəfi Azərbaycanda olan bu ölkə vətəndaşlarının geri qaytarılmasının vacibliyini vurğulayıb", - nazirliyin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi görüş barədə açıqlama yayıb.

Açıqlamada deyilir: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

Nazirlərin görüşünə gəldikdə isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".