CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə piyadanı vurub öldürdü

Namiq Mədədov sentyabrın 22-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib
Sputnik

BAKI, 23 sentyabr — Sputnik. Gəncə şəhərinin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

DİN Sumqayıtdakı qəza ilə bağlı rəsmi məlumat yaydı

Bu barədə Sputnik Azərbaycan-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 21-də, saat 19 radələrində Gəncə şəhəri, Nizami prospektində "VAZ 21074" markalı 99 NA 506 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən naməlum şəxs yolu keçmək istəyən piyada Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Süsən Hüseynovanı vurub. Hadisə zamanı o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Mədədov Namiq Ağasəf oğlu tərəfindən idarə edildiyi məlum olub.

Daşkəsəndə qəza olub, yaşlı kişi komaya düşüb

N.Mədədov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozduğu, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyi üçün Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.

N.Mədədov sentyabrın 22-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.