Pentaqona qarşı İran-Rusiya-Çin üçbucağı – Böyük hərbi təlimlər başlayır

ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki addımına qarşı əks addım atırlar
Sputnik

BAKI, 22 sentyabr — Sputnik. İran İslam İnqilabından sonra İran ilk dəfə olaraq regionun iki ən böyük dövləti ilə birlikdə hərbi təlimlər keçirəcək.

Spunik Azərbaycan xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin baş qərargahının beynəlxalq məsələlər idarəsinin rəisi Qədir Nizami məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə İran Çin və Rusiya ilə birlikdə Hind okeanı və Oman dənizində birgə hərbi təlimlər keçirəcək.

Kəskinləşmə qaçılmazdır: Rusiya güclü İran istəyir, lakin dominant olmasını istəmir

Onun sözlərinə görə, gələn həftə bir neçə region dövlətinin müdafiə nazirləri Tehranda görüşəcəklər. Digər qonşu dövlətlər də üçtərəfli təlimdə iştirak edə bilərlər.

Xatırladaq ki, adı çəkilən dövlətlər birgə hərbi təlim keçirmək razılığına, ABŞ-ın Yaxın Şərqdə hərbi kontingentinin sayını artırmaq qərarından sonra gəliblər. Qeyd edək ki, Səudiyyə Ərəbistanının ən böyük- “Səud Aramco” neft zavodunun partladılmasından sonra ABŞ öz müttəfiqini qorumaq üçün Yaxın Şərqdəki hərbi bazalarını möhkəmləndirmək qərarına gəlib. Bu barədə ABŞ Prezidenti Donald Tramp bəyanatla çıxış edib.

Artıq bir ilə yaxındır ki, ABŞ Fars körfəzində, Hind okeanında və Oman dənizində ticarət gəmilərinin və neft tankerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə koalisiya yaratmağa cəhd edir. Dünən Birləşmiş Ərəb Əmirlikləri də bu koalisiyaya qoşulduğunu bəyat etdi. Bu günə kimi ABŞ-ın yaratdığı hərbi koalisiyaya Avstraliya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Kanada qoşulub. Digər Avropa dövlətləri və Yaponiya bu ittifaqa qoşulmaqdan imtina ediblər.

ABŞ-ın Hind okeanında hərbi fəallığı yalnız İranın deyil, Çin və Rusiyanın da maraqlarına toxunur. Odur ki, bu dövlətlər də ABŞ-ın bu istiqamətdəki addımına qarşı əks addım atırlar.