MƏDƏNİYYƏT

Qocaman teatrımız mövsümü açıq elan edir

Teatr növbəti mövsümü "O olmasın, bu olsun” musiqili komediyası ilə açır, tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.
Sputnik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr - Sputnik. Bu gün Akademik Musiqili Teatr 110-cu yubiley mövsümünü açıq elan edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü Üzeyir Hacıbəyli - XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın "O olmasın, bu olsun” musiqili komediyası ilə açır. Sputnik Azərbaycan xəbər verir ki, 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuş bu əsər uzun illər müxtəlif rejissorların təqdimatında ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Qocaman teatrımız mövsümü açıq elan edir

Tamaşada hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir. Əsərin qəhrəmanı tacir Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir. Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə varlı-dövlətli olması deyil, həm də bütün sərvətini qumarda uduzub müflisləşən Rüstəm bəyin tamahkarlığı, pula hərisliyidir. O, gənc qızını qoca kişiyə yalnız ondan daha çox pul qoparmaq naminə verməyə razılaşıb. Tamaşa boyu həm Məşədi İbad, həm də onu əhatə edən fırıldaqçı və hər şeydə özü üçün xeyir güdən “ziyalı” təbəqənin iç üzü məharətlə açılır və beləliklə də cəmiyyət öz keçmişindən gülə-gülə ayrılmağa can atdığını göz önündə sərgiləyir. Azərbaycan teatr sənəti tarixində qızıl hərflərlə yazılmış “O olmasın, bu olsun” operettasının uğurlu tamaşaları onlarla gülüş ustasının, gənc aktyor nəsillərinin inkişafında böyük rol oynayıb.

Qocaman teatrımız mövsümü açıq elan edir

Bu gün isə, artıq 63-cü dəfə (yeni quruluşda) təqdim olunacaq tamaşada Xalq artisti, "Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Elçin İmanov, Əliməmməd Novruzov, Səməd Xasıyev, Aydan Həsənova, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, kiçik yaşlı aktyorlar – Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimzadə, Əlirza Məmmədzadə və başqaları çıxış ediblər.

Qocaman teatrımız mövsümü açıq elan edir

Səhnə əsərində həmçinin, İran İslam Respublikasının böyük gülüş ustası, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn hambal obrazını canlandırıb. Tamaşanın quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri – Elməddin Dadaşov və Sevinc Məmmədovadır.