RUSİYA

Azərbaycanda qeyri-adi auksion: Səfirin əşyasını alıb özünə qaytardılar

Bədii gimnastika üzrə çoxqat dünya çempionu, Bakı mundialının rəsmi səfiri Yana Batırşinaya ona qələbə qazandıran lenti geri qaytarıblar
Sputnik

BAKI, 21 sentyabr — Sputnik. Bədii gimnastika üzrə çoxqat dünya çempionu, Bakı mundialının rəsmi səfiri Yana Batırşinaya Bakıda keçirilən dünya çempionatının təşkilatçıları tərəfindən düzənlənən xeyriyyə auksionu zamanı öz lentindən ayrılmaq imkanı verilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, xeyriyyə auksionunun əsas lotu Yana Batırşinanın 22 il əvvəl Avropa Bədii Gimnastika Çempionatının qızıl medalını qazandığı lent olub.

Azərbaycanda qeyri-adi auksion: Səfirin əşyasını alıb özünə qaytardılar

Bu lentlə onun müasir analoqları arasındakı xüsusi fərq ondan ibarətdir ki, Batırşina qitə çempionatı ərəfəsində çıxış edəcəyi lenti öz əlləri ilə boyayıb və bu lent ona uğur gətirib.

"Xatırlayıram ki, mən bu lenti flomasterlə bəzəmək üçün dörd saat vaxt sərf eləmişəm. Bu mənim üçün çox qiymətlidir. Lent mənim bədii gimnastikada ən çox sevdiyim əşyadır və mənə ondan ayrılmaq çətindir. Ümid edirəm ki, bu lent auksionun yekununda onu əldə edəcək şəxsə uğur gətirəcək", - deyə Batırşina tədbir zamanı bildirib.

Lentin start qiyməti 100 avro olub, lakin qiymət tezliklə 1000 avroya çatıb. Bakı çempionatının səfiri özü də hərracda iştirak edib və öz əşyasına 2,2 min avro təklif edib. Görünür, Batırşinanın lentə bu qədər qiymət verməsi təsadüfi deyil. Çünki o, məhz 22 il əvvəl bu lentlə qitə birinciliyinin qalibi olmuşdu.

Lakin xeyriyyə aksiyasının qalibi Yana Batırşina deyil, Bədii Gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Mariana Vasilyeva olub. O, lenti almaq üçün 2,5 min avro təklif edib və heç kəs onun təklif etdiyi məbləği artırmayıb.

Amma Vasilyeva çıxışı zamanı gimnastika predmetini Yananın özünə qaytardığını bəyan edib. Baxmayaraq ki, çoxqat dünya çempionu buna müqavimət göstərib, amma Mariana lenti sahibinə qaytarıb. O, qeyd edib ki, onsuz da verdiyi vəsait xeyriyyə məqsədi üçün istifadə olunacaq.

Auksiondan sonra üzərində Yana Batırşinanın sözügedən lentlə çıxışı zamanı çəkilmiş şəkli olan futbol köynəkləri də nümayiş etdirilib. Futbol köynəyi 100 manata satılıb.