BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsində silahlanmaya yeni daxil olmuş "SkyStriker" "gəzən sursat"la atış həyata keçirilib.
Sputnik Azərbaycan "AzeriDefence" nəşrinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayımladığı videogörüntülərdə "SkyStriker"lə hədəfin vurulması öz əksini tapıb.
İsrailin "Elbit Systems" şirkətinin istehsalı olan "SkyStriker" "gəzən sursat" və ya başqa sözlə kamikadze pilotsuz uçuş aparatının (PUA) ilk xarici istifadəçisi 2018-ci ilin sonlarında Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) olub. Video nümayişdən göründüyü qədər DSX-nin ardınca Müdafiə Nazirliyi də "SkyStriker"iin istifadəçiləri sırasına qoşulub.
Qeyd edək ki, "SkyStriker" "gəzən sursat"ı "Elbit Systems" şirkəti tərəfindən bazara 2017-ci ildə təqdim olunub. Radiomaneələrə qarşı dayanıqlığa malik "SkyStriker" istifadə edilmədikdə geri qaytarıla bilir. Bu zaman aparan paraşütdən istifadə eləməklə endirilir. Elektrik mühərrikə malik döyüş sursatının çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havada qalma müddəti 2 saata qədər, sürəti 180 km/saat, maksimal uçuş yüksəkliyi 2000 metrdir. Növündən asılı olaraq "SkyStriker" 5 kiloqramdan 10 kiloqramadək döyüş başlığı ilə təchiz oluna bilir.