BAKI, 19 sentyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bağbanlı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla onun həmin kənd sakini 19 yaşlı Raman Mirzəyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs Xaçmaz rayon ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.