Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda vakansiyalara vətəndaşların çıxışını təmin etmək məqsədilə elektron mexanizm yaradılır.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev məlumat verib. O bildirib ki, Məşğulluq haqqında qanunda məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı məsələsi öz əksini tapıb. Burada qeyd edilib ki, "İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə, Məşğulluq altsistemində yaradılan "vakansiya bankı"na daxil etməlidirlər".
F. Musayev deyib ki, hazırda işəgötürənlər yaradılmış sistemə vakansiyanı daxil edə bilirlər. Qeyd edək ki, Məşğulluq altsistemi hazırda test rejimində fəaliyyət göstərir və yaxın zamanda tam olaraq istifadəyə veriləcək.
Beləliklə, həm işaxtaran və işsiz vətəndaşlar, həm Dövlət Məşğulluq Xidməti, həm də işəgötürənlər vakansiya bankına daxil edilən vakant iş yerləri ilə bağlı məlumatları "online" şəkildə görə biləcək və real vaxt rejimində ondan istifadə imkanı əldə edəcəklər.
Qonşuda bişər, bizə də düşər: Rusiya dörd günlük iş həftəsinə keçir>>
F. Musayev həmçinin bildirib ki, artıq İnzibati Xətalar Məcəlləsində də bu məqsədlə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, 540-cı maddəyə görə, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.