İQTİSADİYYAT

Politoloq Azərbaycanın müstəqillik tarixində “Əsrin müqaviləsi”nin rolundan danışır

Qərbi Kaspi Universitetinin professoru, keçmiş diplomat və politoloq Fikrət Sadıxov deyir ki, bir çox dövlətlər Azərbaycanın “Əsrin müqaviləsi”ni imzalamasını istəmirdilər
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “Əsrin müqaviləsi” Azərbaycana qazandırdıqları, perspektivləri, layihənin geosiyasi və geoiqtisadi əhəmiyyəti mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin professoru, keçmiş diplomat və politoloq Fikrət Sadıxov deyib ki, 90-cı illərin əvvəlləri Azərbaycan tarixi üçün çox mürəkkəb dövr idi: “Bir çox dövlətlər Azərbaycanın “Əsrin müqaviləsi”ni imzalamasını istəmirdilər. Buna görə də Azərbaycana qarşı müxtəlif ssenarilər hazırlanırdı. Bütün çətinliklərə baxmayaraq Azərbaycan bu vəziyyətdən çıxmağı bacardı. Hazırda Azərbaycan regionda aparıcı dövlətə çevrilib. Bunlar hamısı düzgün qurulmuş neft strategiyasının nəticələridir. Bu strategiya göstərdi ki, biz Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadirik”.

20 sentyabr 1994-cü ildə Azərbaycan və altı ölkəni təmsil edən 11 neft şirkətindən ibarət konsorsium Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında saziş imzalayıblar. Bu, tarixə “Əsrin müqaviləsi” adı ilə düşüb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz