MƏDƏNİYYƏT

Nazirliyə aparılan Hətəmov nə iş görəcək?

"Bilirsiniz ki, ölkə prezidentinin sərəncamına əsasən, kino haqqında yeni konsepsiyanın hazırlanması və islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu proses hələ mən kinostudiyada fəaliyyət göstərdiyim zamandan başlayıb"
Sputnik

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Müşfiq Mürşüd oğlu Hətəmov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, M.Hətəmov buna qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru kimi fəaliyyət göstərib. Yeni vəzifə almış Müşfiq Hətəmovla əlaqə saxladıq.

Kinoteatrlara yeni film gəldi: "Əlvida, Şmidt!"
O, yeni işi barədə bunları dedi: "Bilirsiniz ki, ölkə Prezidentinin sərəncamına əsasən, kino haqqında yeni konsepsiyanın hazırlanması və islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu proses hələ mən kinostudiyada fəaliyyət göstərdiyim zamandan başlayıb. Yeni təyin olunduğum vəzifədə də islahatların müntəzəm aparılması və yeni işlərin görülməsi üçün plan hazırlanacaq. Bu istiqamətdə də işimizi quracağıq.

Bu il müsabiqənin qalibi olmuş senarilərin istehsala buraxılması üçün müvafiq işlər görülüb, artıq 3 film üzərində işə başlanıb. Bunlar "Məryəm", "Manpası qutusu" və "Xoş sonluqlu faciə" filmləridir".

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, senarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bakı Mədəni Maarif Texnikumunda dərs deyib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, sektor müdiri, Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb. Bu təyinatadək (2011-ci ildən) C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru işləyib.