BAKI, 18 sentyabr - Sputnik. “2019-cu ilin yaz sessiyası dövründə Milli Məclisin Səhiyyə komitəsinə 300-ə yaxın ərizə və şikayət daxil olub və bunların böyük qismi müvafiq icra orqanlarına göndərilib”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti müalicənin maliyyə təminatı ilə bağlı olub: “Məhz icbari tibbi sığortanın mahiyyəti ondan ibarətdir ki, ehtiyacı olan insanların müalicəsi üçün maliyyəni təmin etsin. Gələn il icbari tibbi sığorta tətbiq ediləndən sonra bu cür müraciətlərin sayı azalacaq. İcbari tibbi sığortanın maliyyə təminatının böyük bir qismini dövlət öz üzərinə götürüb. Ona görə də gələn ildən büdcədən icbari tibbi sığortaya ayrılan vəsaitin xeyli artacağı gözlənilir”.