BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın "Solğun çiçəklər" serialı "TEFİ-Birlik" mükafatına layiq görülüb.
İctimai Televiziyanın beynəlxalq əlaqələr departamentinin direktoru Maksim Tsurkov Sputnik Azərbaycan-a bildirib ki, bu il Azərbaycan Prezidentinin sərəncamı ilə ölkəmizdə görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd olunur. Bu səbəblə telekanal müsabiqəyə onun "Solğun çiçəklər" pyesi əsasında çəkilmiş səkkiz seriyalı, eyniadlı filmi göndərmək qərarına gəlib.
Serialın rejissoru Elməddin Alıyev deyib ki, çəkilişlər Sumqayıt və Bakıda aparılıb.
"Efirə çıxmaq üçün vaxtımız çox az idi, hava da "naz edirdi". Üstəlik, aktyorlar da teatr tamaşaları ilə çəkilişlərin qrafikini uzlaşdırmalı olurdular. Ancaq bütün çətinliklərin öhdəsindən gəldik", - Alıyev bildirib.
Rejissorun fikrincə, "Solğun çiçəklər" Azərbaycan üçün mürəkkəb layihədir: "Hazırlıq işləri təxminən bir il sürdü. Heç əvvəllər də ölkədə belə keyfiyyətli serial çəkilməyib".
"Yeni simalar da vardı, tanınmışlar da. Məsələn, əsas qəhrəmanı - Qaranı Elxan Qasımov oynayırdı. O çoxdan yerli layihələrə çəkilmirdi və bizim serialda iştiraka razılıq verəndə xeyli sevindik", - Alıyev deyib.
Tammetrajlı "Solğun çiçəklər" filmi 1987-ci ildə çəkilib. Alıyevin sözlərinə görə, rimeykdə yaradıcı qrup gənc nəslə məşhur dramaturqun əsərini yeni interpretasiyada təqdim etməyə çalışıb.
"Bu serialda sevginin acgözlük, hakimiyyət hərisliyi kimi pis əməllərdən üstünlüyünü cavanlara göstərməyə çalışdıq", - rejissor qeyd edib.
2019-cu ildə "TEFİ-Birlik" festivalına MDB və Baltika ölkələrindən 80-ə yaxın televiziya layihəsi təqdim olunub. Festival 2011-ci ildə, MDB-nin 20 illiyi zamanı yaradılıb. Fəaliyyət dövründə festival Birliyə daxil olan ölkələrin müxtəlif şəhərlərində - Bakıda, Kiyevdə, Astanada, Odessada, Minskdə, Daşkənddə, Yerevanda - keçirilib.