BAKI, 18 sentyabr - Sputnik. Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyən edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Təklif edilən dəyişikliyə görə, Məcəlləyə yeni 388 - 2 (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.
Əlavəyə görə, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən, qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, yayımçılar tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə və s. görə cərimələr tətbiq ediləcək.
Bu hallara görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.