CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

Orand kəndinin yüksəklik ərazilərində ərəb əlifbasından əvvəl yaranmış əlifba tapmışam və özüm gedib yazıların şəklini çəkmişəm. Həmin şəkilləri Vasif müəllimə göstərəndə: "Mən əlyazmaları oxuyuram, amma bu yazılar çox qədimdir deyə, onları oxuya bilmədim", - dedi
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Lerikin ucqar Blaband kənd orta məktəbinin təqaüdçü biologiya müəllimi, 79 yaşlı Əliheydər Əliyev uzun illərdir ki, yaşadığı rayonun tarixinə aid qədim əşyaları toplamaqla məşğuldur. Onun ilk tapıntısı isə daş üzərinə təsbeh kimi düzülən daşlaşmış yarpaqlar olub. Əliheydər müəllim həmin daşı Müəllimləri Təkmilləşdirmə İnstitutuna təhvil verib. 

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

"Məhz o daşı tapandan sonra "bundan bir dənə ola bilməz" dedim, beləcə, məndə maraq artdı və axtarışları genişləndirdim. Məndə 2 minə yaxın müxtəlif növ heyvanların, həlqəvi qurdların, həşəratların izi olan daş var. Onların hərəsi bir tarixdir. Bu, fakt olaraq qalır", - deyə Əliheydər müəllim Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib.

Ə.Əliyev hesab edir ki, tapdığı əşyaların bir qismi ibtidai icma quruluşu dövrünə aiddir: "Arxeologiya və Etnoqrafiya İnstitutunda dəfələrlə olmuşam, oranın rektoru var idi, Arif müəllim və İdeal Nərimanov, akademik, onlar mənə hər sahədə çox yaxından kömək ediblər. Hətta Arif müəllim mənə Akademiyanın təşəkkür məktubunu da verib. Lerikin bütün kəndlərində ayrı-ayrılıqda axtarış aparılsa, külli miqdarda müxtəlif tarixi əşyalar tapmaq mümkündür. Mənim yaratdığım muzeydə daş balta, daş qaşıq və daş dəstək var. Mənə elə gəlir ki, bu əşyalar ibtidai icma quruluşu dövrünə aiddir".

Həmsöhbətimiz bildirir ki, muzeyində orta əsrlərə aid eksponatlar da var: "Gürdəsər kəndində bir buldozer sürücüsü var idi, o öz kəndərində orta əsrlərə aid nehrəyə oxşar saxsı qab tapıb mənə verdi. Mən özüm 43 mağarada olmuşam və tədqiqat işləri aparmışam.

Orand kəndinin yüksəklik ərazilərində ərəb əlifbasından əvvəl yaranmış əlifba tapmışam və özüm gedib yazıların şəklini çəkmişəm. Əlyazmalar İnstitutunda da olduğum vaxt orada həmin şəkilləri Vasif adlı bir müəllimə göstərdim. Vasif müəllim bu yazıları görüb təəccüblə: “Bu, bizim Lerik rayonu ərazisindədir?” - deyə soruşdu, mən də təsdiqlədim. Vasif müəllim: "Mən əlyazmaları oxuyuram, amma bu yazılar çox qədimdir deyə, onları oxuya bilmədim", - dedi.

Ən qədim dövrə aid olan əşyalar ən çox Pirəsora və Orand kəndləri ərazisindədir. Orta əsr dövrlərinə aid əşyalar isə Şinəbənd, Blaband, Büzeyir və Lüləkəran kəndləri ərazisində daha çox tapılır". 

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

Əliheydər müəllimi ən çox tapdığı saxsı qab qırıntıları heyran edib: "Mən ən çox Qaladağ ərazisində olmuşam. Orada 7-8 mağara var, həmin mağaralardan külli miqdarda qədim saxsı qabların qırıntılarını gətirmişəm. O qabların müxtəlif rənglərə boyanması məni heyran edib. Ümumiyyətlə isə Lerikin hansı ərazisində axtarış aparılsa, oradan orta əsrlər dövrünə aid tapıntılar çıxır. Bu da onu isbat edir ki, Lerik Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir və burada qədim əşyalar çoxdur. Məsələn, son zamanlarda Gürdəsər kəndində tuncdan heyvan heykəli tapılıb".

"Burada olan eksponatların hamısını mən tapmamışam. Kəndlərdə yaşayan sakinlər, şagirdlərim tapıb, gətirib mənə veriblər. Muzeydə olan sümükləri, skelet hissələrini ən qədim yaşayış məskənlərindən, əsasən mağaralardan tapmışam.

Məsələn, burada qorunan və daşlaşmış kəllə sümüyünün ölçüsü balacadır. Lakin bu sümük uşaq kəllə sümüyü deyil. Hətta akademik İdeal Nərimanov da bu sümüyə baxıb, “bu insan kəlləsi deyil” demişdi. Bu kəllə sümüyünün qəbilə şəklində və ayrı-ayrı mağaralarda yaşayan ilk insana aid olması ehtimal edilir. Hələ o vaxt İ.Nərimanov: “Müəllim, bu kəllə sümüyü geniş tədqiq olunmalıdır”, - deyə bildirdi. Lakin hələ də bu skelet parçası tədqiq olunmayıb.

Digər kəllə sümüklərini isə Büzeyir kəndinin yüksəklikdə yerləşən “Bərə ağzı” deyilən ərazisində tapmışam", - deyən Əliheydər müəllim tanışlarından Lerikin hər-hansı bir yerində istənilən qədim əşyaları tapsalar, ona göndərmələrini xahiş etdiyini bildirib.

"Şinəbaddan, Şingədulandan, Züvücdən - yəni dostlar, yoldaşlar harada tapıblarsa, gətiriblər muzeyə. Lerikin Nüvədi kəndində qızımın qaynatası təzə ev tikmək üçün bünövrə qazan zaman bir xeyli qədim əşya tapıb mənə verdi. İstər öz tapdıqlarımın, istərsə də digər eksponatların üzərində hansı kənddə tapıldığını yazmışam. Çünki muzeydə qorunan eksponatlar Lerikin 20 kəndi ərazisində tapılıb. Bəzən isə elə hallar olub ki, gəlib mənə qədim sərdabə kimi tapıntıya rast gəldiklərini deyiblər. Mən oraya gedəndə isə kənd camaatının həmin yeri dağıtdığını görmüşəm. Buna görə onlara irad tutmuşam. Çünki tapılan hər bir əşya və ya qəbir Lerikin, Azərbaycanımızın tarixidir”, - deyə müəllim gileylənib.

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

Bir dəfə isə Əliheydər Əliyev çox maraqlı tapıntı ilə üzləşib. O, əvvəlcə oranı tunel zənn edib: ""Bərəağzı" adlanan yüksəklik ərazidə həmin yeri tapanda öncə elə bildim, tuneldir. Sonra alimlər gəlib arxeoloji tədqiqat işləri aparandan sonra həmin yerin sərdabə olduğunu aşkar etdilər. Sərdabənin uzunluğu 11 metr, eni 1 metr, dərinliyi 1 metr 20 santimetrdir. Həmin yerdə tunc balta, 2 xəncər və bir ədəd də gildən hazırlanmış qədim bardaq tapdım. Oradan həmçinin xeyli muncuqlar çıxdı. Alimlərin fikrincə, həmin muncuqlar qədim Misirdə hazırlanıb və oradan Lerik ərazisinə gətirilib".   

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

Əliheydər müəllim kənd məktəbinin biologiya kabinetində yaratdığı muzey üçün yeni bina inşa etməkdən ötrü dəfələrlə müraciət etsə də, buna nail ola bilməyib.

Bir kəllə tapıblar, nə uşağındır, nə böyüyün - Lerikdə "evsiz" muzeydən REPORTAJ

"Mən əvvəllər dəfələrlə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşam. Bizim icra başçımız var idi, Füzuli Hacıyev, özü tarix elmləri üzrə fəlsəfə doktorudur. O bu məsələyə çox diqqətlə yanaşırdı. F.Hacıyev muzeyin inşa edilməsi üçün qərar verdi. Lakin özü başqa rayona icra başçısı təyin edildi. Bu günə qədər də mən kəndimizdə muzey binasının tikiləcəyini gözləyirəm. İndi bu kabinetdəki eksponatlara baxanların hamısı burada muzey tikilməsinin vacib olduğunu deyirlər. Burada da, heç olmazsa, iki zaldan ibarət muzey yaradıb, 2 nəfəri də eksponatların qorunmasına nəzarət etmək üçün işə götürmək olardı. Hamı gəlib, söz verib, amma bu günə kimi bir iş görən yoxdur", - deyə Ə.Əliyev təəssüfünü bildirib.