BAKI, 17 sentyabr — Sputnik. Əfqanıstanın Pərvan vilayətində baş vermiş partlayış nəticəsində ən azı 24 nəfər həlak olub, 31 nəfər xəsarət alıb.
Sputnik Azərbaycan yerli "1TV" telekanalına istinadən xəbər verir ki, partlayış Əfqanıstan Prezidenti Əşrəf Qaninin seçki kampaniyası çərçivəsində keçirilən mitinqin yaxınlığında baş verib.
"Əl-Cəzirə" telekanalı bildirib ki, Prezident Qani partlayış zamanı xəsarət almayıb.
Partlayışın motosiklet sürən terrorçu tərəfindən törədildiyi bildirilir. Hücuma görə məsuliyyəti hələ ki, heç kəs üzərinə götürməyib.
Məlumata görə, ölənlər arasında qadın və uşaqlar, eləcə də təhlükəsizlik qüvvələrinin beş əməkdaşı var.
"1TV" bildirib ki, partlayışa baxmayaraq, mitinq davam edib.