BAKI, 16 sentyabr — Sputnik. "Gələn il dövlət büdcəsinin gəlir və xərclərində bu illə müqayisədə artım proqnozlaşdırılır. Gələn il büdcə xərcləri 25.6 milyard manat olacaq. Bu isə 2019-cu il ilə müqayisədə 427 milyon manat çoxdur. Büdcə xərclərinin yüksəlməsinin əsas səbəbi sosial istiqamətə ayrılacaq vəsaitin artırılması ilə bağlıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov "Facebook" səhifəsində yazıb.
O, bildirib ki, bu artımın maliyyələşmə mənbəyi yenə də əsasən neft sektoru olacaq: "Gələn il büdcə gəlirləri 25 milyard 484 milyon manat proqnozlaşdırılır. Belə ki, büdcə gəlirlərinin 57 faizi neft sektorunun payına düşəcək. Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfer ediləcək.
Qeyd edək ki, Neft Fondundan bu il büdcəyə 11 milyard 364 milyon manat ödənilməlidir. Əslində, Maliyyə Nazirliyi Fonddan transfertlərin artırılmasına deyil, azaldılmasına çalışmalı idi. Çünki, büdcənin neftdən və xüsusən də neftin dünya bazarından asılılığının aradan qaldırılması əsas prioritet olaraq qalır. Doğrudur, gələn il qeyri-neft sektorunun büdcə gəlirlərində payı 2019-cu ilə nisbətən 11.3 faiz artacaq. Bu müsbət tendensiya olsa da belə, hökumət büdcə gəlirlərinin ən azı yarıdan çoxunun qeyri-neft sektoru hesabına formalaşmasına çalışmalıdır".
Ekspert bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin pozitiv tərəfi sosial istiqamətlərə ayrılan birbaşa vəsaitin həcminin ümumi büdcə xərclərində son illər ilk dəfə olaraq 40 faizdən çox olmasıdır: "Bu illə müqayisədə gələn il sosial xərclərə 2 milyard 664 milyon manat daha çox vəsait ayrılacaq. 6 milyard 723 milyon manat əməyin ödənilməsi, 3 milyard 213 milyon manat isə pensiya və təqaüdlər üçün xərclənəcək. Bununla yanaşı, dövlət borclarının qaytarılması üçün 2 milyard 458 milyon manat vəsait ayrılacaq ki, bunun da 775 milyon manatını yalnız faiz ödənişləri təşkil edəcək. Əslində, bu rəqəm xarici borclanmanın minimumlaşdırmağın vacibliyini bir daha təsdiq edir".
"Maliyyə Nazirliyi gələn il manatın dollara məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. Bununla belə, manatın kursunun 2020-ci ildə necə dəyişməsi daha çox neftin dünya bazar qiymətindən və qeyri-neft xarici ticarət tərəfdaşlarımızda və xüsusən də Rusiyada milli valyutaların məzənnəsindən birbaşa asılı olacaq" - deyə o, əlavə edib.