CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şagirdlərin başına uçan tavan: Səhv, yoxsa səhlənkarlıq?

Valideynlər şagirdlərin yararsız məktəb korpusunda yerləşdirildiyini desə də məktəb direktoru bunu təkzib edir
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb. Hadisə rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb. Sakinlərin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə hadisə, 2-ci sinif şagirdlərinin ilk dərs üçün sinfə girdiyi zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin valideynlər 1967-ci ildə tikilib istifadəyə verilən binada analoji hadisənin təkrarlanacağından narahatdırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini Rahim Məmmədov uçqun baş verən binann 1967-ci ildə istifadəyə verildiyini və qəzalı vəziyyətdə olduğunu bildirib.

Şagirdlərin başına uçan tavan: Səhv, yoxsa səhlənkarlıq?

"Məktəbimiz 3 korpusdan ibarətdir. Hadisə baş verən korpus tamamilə yararsız vəziyyətdədir. Yer olmadığından ibtidai siniflərin bəziləri ora yerləşdirilib. Binada hər an bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Bu gün Allah saxladı xəsarət baş vermədi" - deyərək məlumat verib.

Sakinlər 2004-cü ildə kənddə yeni məktəb binasının tikilsə də, onun yalnız 7 sinif otağından ibarət olduğunu, bu səbəbdən övladlarının yararsız binalarda yerləşdirildiyini söyləyiblər.

Hadisə barədə danışan məktəb direktoru Sevda Qədimova məktəb binasının yararsız olduğunu təsdiq edib. Lakin o binada şagirdlərin təhsil almadığını deyib:

"Hadisə baş verən korpus tamamilə yararsız vəziyyətdədir. Bu səbəbdən ora dərs sinifləri salmamışıq. Uşaqlar yanlışlıqla həmin binaya daxil olub və bu zaman hadisə baş verib. Elə bir ciddi hadisə deyil, yalnız tavana vurulan kardon qopub düşüb. Hazırda rayon rəhbərliyinin köməkliyilə uşaqların qəzalı binaya yaxınlaşmaması üçün binanın ətrafını hasarlanmasına çalışıram" - deyə Qədimova bildirib. Onun sözlərinə görə, 2020-ci ildə kənddə modul tipli məktəb tikilməsi nəzərdə tutulub.

Şagirdlərin başına uçan tavan: Səhv, yoxsa səhlənkarlıq?

S.Qədimova digər iki korpusun hərsinin 7 otaqdan ibarət olduğunu və 13 sinif komplektində təhsil alan 224 şagirdin bu binalara yerləşdirələcəyini bildirib.