CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alekseyevkada Bilik Günü – Nazir yüzlərlə uşağı sevindirdi

Prezidentin sərəncamı ilə Qubanın Alekseyevka kəndində 950 şagird üçün üçmərtəbəli məktəb tikilib
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Təhsil naziri Ceyhun  Bayramov Qubanın Alekseyevka kəndində 3 mərtəbəli məktəbin açılışını edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri bu gün ölkədə gözəl bir gün - uşaqlarımızı irəliyə aparan Bilik Günü olduğunu xüsusi qeyd edərək kollektivi, bütün müəllim və şagirdləri ürəkdən təbrik edib. Nazir çıxışında qeyd edib ki, ölkədə aparılan islahatlar nəticəsində 2019-cu ildə 84 orta məktəb tikilib və bu gün onlardan 43-ü istifadəyə verilib, 41-i isə ilin sonunadək hazır olaraq istifadəyə veriləcək.

Ceyhun Bayramov ölkədə təhsil strategiyasının inkişafında xüsusi xidmətlərinə görə 150 minlik müəllim ordusu adından Prezident İlham Əliyevə təşəkkür edib və onun 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr tarixindən müəllimlərin əmək haqqının bir daha artırılmasını təqdirəlayiq hal hesab etdiyini xüsusi vurğulayıb. Nazir Qubadan bütün ölkə müəllim və şagirdlərinə Bilik günü münasibətilə təbrikini çatdırıb.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon ictimaiyyəti, Alekseyevka kənd sakinləri və müəllimləri adından kənddə hər cür şəraiti olan müasir, yeni məktəb binasının inşasına görə ölkə rəhbəri İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, Prezidentin 11 oktyabr 2018-ci il tarixli Sərəncamından sonra Alekseyevka  kəndində üçmərtəbəli yeni məktəb inşa olunub. Linqafon kabineti, 2 emalatxana, 2 laboratoriya, idman zalı, 450 yerlik akt zalı və geniş sinif otaqları 960 şagirdin və 75 müəllimin istifadəsinə verilib.