BAKI, 15 sentyabr — Sputnik. Amerikalı skeytbordçu Toni Hauk özünün Instagram səhifəsində rusiyalı idmançı Maksim Abramovun videosunu yerləşdirib.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, o, videoya "Mənim yeni sevimli skeyterim" şərhini yazıb.
On yaşlı Maksim Abramov Rusiyanın Amur vilayətində doğulub. Yaşyarım olarkən o, yanğın zamanı 4-cü dərəcəli yanıq xəsarəti alıb. Uşağı xilas etmək üçün həkimlər onun hər iki ayağını amputasiya ediblər.
Maksim əllərinin köməyilə hərəkət etməyi və skeytbord sürməyi öyrənib. Hazırda o, ailəsi ilə birlikdə Sankt-Peterburqda yaşayır.
Amerikalı Toni Hauk tarixdə ən nüfuzlu skeytbordçulardan sayılır.
O, rampa ilə tullanışda öz ətrafında 900 dərəcə dönə bilən ilk qeydə alınmış skeytbordçudur. Toninin şərəfinə Tony Hawk Pro Skater videooyun seriyaları yaradılıb.