CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan xalq rəssamı ilə vidalaşır

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Bu gün mədəniyyət xadimləri və ictimaiyyət Azərbaycanın xalq rəssamı ilə vidalaşır. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Tahirov 2019-cu il sentyabr ayının 12-də, ömrünün 72-ci ilində vəfat edib.

Tahir Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

Azərbaycan xalq rəssamı ilə vidalaşır

Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi böyük şöhrət qazanıb. C.Verdinin "Traviata", C.Rossininin "Sevilya bərbəri", R.Leonkavallonun "Payatsı", F.Əmirovun "Sevil" operaları, P.Çaykovskinin "Romeo və Cülyetta", Q.Qarayevin "Don Kixot", "Leyli və Məcnun", T.Bakıxanovun "Xəzər balladası" balet tamaşalarına, A.N.Ostrovskinin "Müdriklər", İ.Əfəndiyevin "Büllur sarayda", C.Cabbarlının "Od gəlini", "Aydın", S.Vurğunun "Fərhad və Şirin", N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", H.Orucovun "Bu dünyanın adamları", B.Vahabzadənin "Cəzasız günah", Elçinin "Poçt şöbəsində xəyal", H.Həsənovun "Brüsseldən məktublar" və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib.

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Qeyd edək ki, Xalq rəssamı ilə vida mərasimi 14 sentyabr saat 13:00-da Heydər məscidində olacaq.