İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 14 sentyabr — Sputnik. Mingəçevir ölkənin dördüncü iri sənaye mərkəzidir. Ötən ilin məlumatına görə, burada 105139 nəfər yaşayır.
Hazırda Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf edib. Amma buna baxmayaraq, Mingəçevir turizm şəhəri adını daşımağa layiqdir. Sənaye şəhərinin əhalisi əsasən balıqçılıq və gəmiçiliklə məşğul olur.
Sputnik Azərbaycan-ın əməkdaşı Mingəçevirdə olub və gördüklərini qələmə alıb.
Mingəçevir müasir şəhərdir. Buraya təkcə Azərbaycanın bölgələrindən deyil, eləcə də başqa ölkələrdən qonaqlar gəlirlər. Onların marağını isə daha çox Kür çayı çəkir. Çay sahilində çox sayda otellər, restoranlar yer alıb. Kiçikhəcmli gəmilər, skuterlər qonaqları sahillərə daşıyır.
Kür sahilində gəmilər qonaqlar üçün adalara səyahətlər də təşkil edir.
Gəmi sahiblərinin sözlərinə görə, gəmilərdə sərnişinlərin təhlükəsizliyi qorunur. Kür çayında gəzinti adambaşına 1 manatdır. Adalara getmək istəyənlər isə 30-40 manatlarından keçməli olurlar. Kür çayında irili-xırdalı 6 ada var.
Yay aylarında adalara turlar təşkil edilsə də, havalar bir qədər soyuyan kimi ov turları başlayır. Bu turların qiymətləri də müxtəlifdir.
Gəmi sahibləri deyirlər ki, ov turları 50-100, balıq ovu turları isə 40-60 manata başa gəlir.
Sahibkar Fərahim Əliyevin sözlərinə görə, onun 4 gəzinti kateri var. Katerlər səhər saatlarında fəaliyyətə başlayır. Axşam saatlarında isə gəmilər fəaliyyətini dayandırır: "Bilirsiniz ki, qanunla havanın qaranlıq vaxtında suda hərəkət etməyə icazə yoxdur. Biz də qanunlara tabeyik. Turistlər yay aylarında ada turlarına daha çox üstünlük verirlər. Yayın ortalarında Mingəçevirə daha çox ərəblər gəlirlər. Onlar üçün ada turları təşkil olunur. Ada turları istəyə bağlı olur. Payız aylarında isə ov və balıq ovu turlarımız başlayır. Əcnəbilər bizim turlara çox maraq göstərirlər. Mingəçevirə İrandan, Yuqoslaviyadan, Türkiyədən və digər ölkələrdən də qonaqlar gəlirlər".
F. Əliyev sahibkarlara dəstək olduğu üçün ölkə başçısına da minnətdarlığını bildirdi.
Mingəçeviri "nur şəhəri" də adlandırırlar. Çünki ölkənin böyük bir hissəsinin işıqlandırılmasını təmin edən Su Elektrik Stansiyası burada yerləşir.
Mingəçevir SES-in təməli 1945-ci ildə qoyulub. SES 1954-cü ildən tam gücü ilə işləməyə başlayıb.
Şəhər sakinlərinin sözlərinə görə, SES-in tikintisi zamanı 20 min işçi qüvvəsi cəlb edilib.
SES-dən bir qədər aralıda Mingəçevir su anbarı yerləşir. Anbar 1953-1959-cu illərdə doldurulub. Uzunluğu 70, eni 13-18 km-dir.
Buradan əhali çimərlik kimi də istifadə edir. Elə buna görə də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə məntəqəsi var.
Aran Dalğıc-Axtarış qrupunun rəisi Kamil Allahverdiyevin sözlərinə görə, Mingəçevir çimərliyində mövsüm ərzində ölüm hadisəsi olmayıb: "Boğulma halları ara-sıra baş verir. Biz dərhal xilas edərək, faciənin qarşısını almışıq. Bizim mobil dalğıc qrupumuz var. Hadisə baş verirsə, biz dərhal oraya gedirik".
Mingəçevirin gecələri daha gözəldir. Şəhərin bulvarında hətta gecə saatlarında da ziyarətçilər olur. Çayın axarını izləmək, təmiz hava, romantik musiqilər insanın ürəyində qəribə bir rahatlıq yaradır.
Bir sözlə, Mingəçevir insanları, dəli Kürü, havası, bulvarı, hər şeyi ilə möhtəşəmdir. Əgər bir neçə gün də olsa istirahət istəyirsinizsə, uzağa yox, Mingəçevirə gedin...
Kürün sahilində gəzdikcə Vaqifin qoşması yada düşür:
Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!