CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ətlə əlaqəsi olan hər kəsi yoxlayacaqlar

İnsan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək
Sputnik

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı növbəti iclas keçirilib. Bu barədə AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, bu gün regional bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Tədbirdə insan sağlamlığı üçün təhlükə yarada biləcək qida məhsullarının istehsalı, emalı və satışı, habelə mənşəyi məlum olmayan heyvan mənşəli qidaların dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq göstərişlər verilib. Qeyd olunub ki, bundan sonra da mənşəyi məlum olmayan, insan istehlakı üçün yararsız qida məhsullarının dövriyyəsi ilə məşğul olan sahibkarlara qarşı hüquq-mühafizə orqanlarının iştirakı ilə qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Bununla yanaşı, ictimai iaşə və heyvan mənşəli məhsulların emalını həyata keçirən sahibkarlıq subyektlərinin yalnız baytarlıq nəzarətindən keçmiş məhsullardan istifadə etmələri istiqamətində təlimatlandırılması, onlarla keçirilən maarifləndirmə tədbirlərinin sayının artırılması qərara alınıb.