BAKI, 13 sentyabr — Sputnik. Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu başlayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayan, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan şəxslər müraciət edə bilərlər. İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq. Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabr ayının 20-dək office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.