BAKI, 11 sentyabr — Sputnik. "Uşaqpulu ilə bağlı müzakirələr gündəmin vacib xəbərlərindən olaraq qalmaqdadır. Rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) bu sahədə fərqli ölkələrin təcrübəsini öyrəndiyi üçün Azərbaycanda İtaliya modelinin tətbiqini daha məqəsədəuyğun hesab edir".
Sputnik Azərbaycan bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov "Facebook" səhifəsində yazıb.
O, bildirib ki, bəzi ölkələrdə uşaqpulunun məbləği ailənin gəlir səviyyəsinə uyğunlaşdırılır: "Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca uşaqpulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaqpulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Aydındır ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni imkanlı ailənin uşaqpuluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu kimi gəliri az olan ailələrin uşaqların sayına görə uşaqpulu alması daha məqsədəuyğun hesab oluna bilər".
Onun sözlərinə görə, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiya edilməsi haqqında qanunun qəbul edilməsinə ehtiyac var:
"Kimin varlı və kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımından da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaqpuluna ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun olaraq uşaqpulu formasında birbaşa ödəniş mümkündür. Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib hesab oluna bilər".
"Bu baxımdan, uşaqpulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaqpulundan faydalanmasına imkan verəcək. Qeyd edək ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. CESD-nin ilkin qiymətləndirmələrinə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu, büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq", - deyə ekspert qeyd edib.