BAKI, 9 sentyabr — Sputnik. Məşhur rusiyalı aktrisa Olqa Kuzmina özünün "Po sekretu vsemu svetu" (“Aramızda qalsın, hamı bilsin”) səyahət şousu çərçivəsində Azərbaycanı ziyarət edib və burada Azərbaycanın məşhur bükmə şirniyyatını hazırlamağın sirrini öyrənib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu verilişin çarxı layihənin "Youtube" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.
"Bakı gözəl və inkişaf etmiş şəhərdir. O, özündə şərq koloritini və müasir dizaynı birləşdirir. Yerli mətbəx isə heyrətamizdir. Bura ətyeyənlər üçün əsl cənnətdir. Amma ət yeməyənlər üçün də cənnətdir, çünki burada hər kəs öz zövqünə uyğun yemək tapa bilər. Burada əsla ac qalmayacaqsınız. Əgər indiyədək olmamısınızsa, gəlməyə dəyər, çünki Bakıda görməli nələrsə var" - deyə Kuzmina etiraf edib.
Bakıda olarkən aktrisa İçərişəhəri dolaşıb, azərbaycanlı rəssam Əli Şəmsinin emalatxanasını və Zərifə Salahovanın miniatür kitab muzeyini ziyarət edib. Azərbaycanın gənc cazmeni Mir Hüseyn Xan Talışinskini dinləyən müəllif, verilişdə Azərbaycan cazının qədimliyindən və ənənələrindən söz açıb. O, caz-muğam janrının məhz Azərbaycanda yarandığını, onun Nyu-Orlean ritmləri ilə ənənəvi yerli ritmlərin qarışığından yarandığını qeyd edib. Bütün bunlarla yanaşı, o, yerli restoranları da ziyarət edib və onların birində Azərbaycanın şimal şərq bölgəsində məşhur olan bükmə şirniyyatını hazırlamağı öyrənib.
"Po sekretu vsemu svetu" layihəsi səyahət etməyi sevənlər üçün nəzərdə tutulan şoudur. Aparıcı müxtəlif şəhərləri və ölkələri ziyarət edərək ən maraqlı yerlər haqqında danışır.
Olqa Kuzmina "Kuxnya" (Mətbəx) teleserialına çəkiləndən sonra məşhurlaşıb. Bu, onun Bakıya ikinci səfəridir. O, birinci dəfə Bakıya həmkarları ilə birlikdə "Kunxya na vıyezde" ("Mətbəx səfərdə") tamaşasını nümayiş etdirmək üçün gəlib.