İQTİSADİYYAT

Yel əsəcək, amma qoz yox, böyük pullar tökülə bilər

Ekspert: "Avropada binaların üzərində günəş panelləri var. Həmin panellərin hesabına blokların, liftlərin işıqlarını verə bilirlər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. "Hökümət maraq göstərsə, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda üzən günəş stansiyaları ilə bağlı iri layihə üçün vəsait ayırmaq məsələsini araşdıra bilər. "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi səmərəli olsa, gələn il layihənin daha irimiqyaslı variantı üçün xarici sərmayələr cəlb etməyə dair müzakirələr başlayacaq. Azərbaycanda pilot layihə cədvələ uyğun icra olunur". Bunu "Report"a açıqlamasında AİB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib. 

Prezident elektrik enerjisi istehsalının artırılmasına pul ayırdı

Azərbaycanda alternativ enerji istehsalı ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə alternativ energetika ilə bağlı qanun qəbul edilməlidir: "Qanun qəbul ediləndən sonra investorlar, yəni özəl xarici şirkətlər baxmalıdır ki, nə dərəcədə Azərbaycanın bu sektoruna investisiya etmək maraqlıdır və sonra addımı atsınlar. Necə ki, 1994-cü ildə Hasilatın Pay Bölgüsü Sazişi ilə bağlı danışıqlar gedirdi və Azərbaycan tərəfi öhdəlik götürdü ki, bunu Milli Məclisdə qanun kimi qəbul edəcək. Ondan sonra xarici sərmayədarlar üçün münbit şərait yarandı və onlar Azərbaycana gəldilər".

Onun sözlərinə görə, Azərbaycanda külək elektrik stansiyaları tərəfindən daha çox elektrik enerjisi istehsal edilir, nəinki günəş elektrik stansiyaları tərəfindən: "Külək elektrik stansiyaları tərəfindən elektrik enerjisinin istehsalı artmaqda davam edir. Azərbaycanda günəş panelləri istehsal edən zavod da var. Amma daha da keyfiyyətli günəş panelləri istehsal edilməlidir. İsti ölkələrdə günəş panellərindən geniş istifadə edilir. Amma külək enerjisindən daha çox istifadə edilir. Məsələn, artıq ABŞ-da küləkdən alınan enerji qazdan alınan enerji ilə eyni qiymətdədir. Artıq yeni texnologiyalar tətbiq edilir. Bizdə də yeni texnologiyalar tətbiq edilməlidir və bunun üçün də investisiya lazımdır".

"Azərbaycanın elektrik enerjisi sahəsində üçüncü qurum yaranacaq"

Ekspertin fikrincə, Azərbaycanda külək enerjisindən istifadədə daha böyük potensial var nəinki günəş enerjisindən: "Günəşli günlərin sayı azdır. İqlimdən çox şey asılıdır, günəş panellərinin üzərinə toz yığıldıqca onun istehsal qabiliyyəti azalır. Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində çox böyük günəş elektrik stansiyaları var və orada elə üzlüklərdən istifadə edirlər ki, üzərində toz qalmır. Ancaq bunlar çox bahalıdır. Bundan başqa, günəş batareyaları üçün yer səthi lazımdır. Avropada binaların üzərində günəş panelləri var. Həmin panellərin hesabına blokların, liftlərin işıqlarını verə bilirlər. MDB-də isə Qazaxıstan və Özbəkistanda alternativ enerji sektoru inkişaf etməkdədir".

Qeyd edək ki, "Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi hədəfinə uyğun olaraq Energetika Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə üzən günəş panelləri sistemi ilə bağlı sözügedən pilot layihə icra edir. Layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur.

Azərbaycanda alternativ enerji mənbəyi varmış: Ölkə zülmətə bürünəndə orada işıq yanırdı

Onu da bildirək ki, "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim olunması nəzərdə tutulur".

Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 5,1% artaraq 14 183,2 mln. kVt/saat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehsal edilən elektrik enerjisinin 1 040,3 mln. kVt/saatı su elektrik stansiyalarının, 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının, 71,1 mln. kVt/saatı küləklə işləyən stansiyaların, 25,7 mln. kVt/saatı günəş enerjisi ilə işləyən stansiyaların istehsalının payına düşüb. Su elektrik stansiyalarının istehsalı ötən ilin müvafiq dövründən 12% az, istilik elektrik stansiyalarının istehsalı 6,6%, külək stansiyalarının istehsalı 5 dəfə, günəş stansiyalarının istehsalı 9,8% çox olub.