Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 9 sentyabr — Sputnik. "Trans yağların faizinin yüksək olması insan orqanizmi üçün təhlükəlidir. Təşəbbüsümüz ondan ibarətdir ki, Azərbaycana idxal olunacaq və istehlak olunacaq yağlarda trans yağların faiz və miqdarı iki faizi ötməməlidir. Buna nail olduqdan sonra isə idxal və istehsal zamanı bu göstəricinin 2 faizdən yuxarı olmamasına nəzarət olacaq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib. O, bağça və məktəblərdə də qidalanma məsələsinə toxunub: "AQTA tərəfindən 500-dən artıq uşaq bağçasında monitorinqlər keçirilib. Bu barədə yaxın zamanlarda ətraflı məlumat verəcəyik. Bundan başqa, qeyd edim ki, cari ildə də Təhsil Nazirliyi ilə birgə məktəblərdə qidalanma məsələsinə nəzarət edəcəyik".
Q.Təhməzlinin sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub: "Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".
AQTA sədri eyni zamanda qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlamışıq, bunları daha sonra ictimaiyyətə açıqlayacağıq: "Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".
O, bildirib ki, il yarım ərzində aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, ilkin istehsal müəssisələrində qida təhlükəsizliyi daha çox gözlənir, bundan fərqli olaraq ictimai iaşə yerlərində qida təhlükəsizliyi isə daha çox pozulur. Onun sözlərinə görə, qeydə alınan zəhərlənmə faktlarının 95 faizində insanlar bir sıra normalara, şəxsi gigiyena amillərinə əməl etmirlər və bu səbəbdən də həmin qida onlar üçün təhlükəli məhsula çevrilir: "Qida təhlükəsizliyi mürəkkəb bir məsələdir.
"Biz 7 illik bir dövlət proqramı qəbul etmişik. Bu dövlət proqramında iri qida müəssisələrində 90, orta ölüçülü qida müəssisələrinin isə 50 faizində qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşmasına nail olacağıq. Daha sonra isə kiçik sahibkarlıq subyketlərində də buna nail olmağa çalışacağıq", - deyə o əlavə edib.
Q.Təhməzli qida təhlükəsizliyi üçün ciddi ictimai nəzarətin, beynəlxalq standartların tətbiqinin vacibliyini vurğulayıb.