İQTİSADİYYAT

Yeni bitkinin heyvandarlıqda tətbiqi araşdırılır

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında 1,5 hektar sahədə amarant bitkisi əkilib
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən ənənəvi və alternativ yem bitkilərinin əkini, keyfiyyət göstəriciləri və qidalılığı, emalı, hazırlanma texnologiyası ilə bağlı birgə elmi tədqiqat işləri aparılır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, bu məqsədlə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında 1,5 hektar sahədə amarant bitkisi əkilib.

Aprel ayının ikinci ongünlüyündə əkilmiş amarant bitkisi avqust ayında toxum üçün biçilib. Amarant bitkisinin becərilməsi zamanı kimyəvi vasitələrdən istifadə edilməyib, minimum becərmə işləri aparılıb. Bitkinin yaşıl kütlə, toxum məhsuldarlığı və keyfiyyət göstəriciləri yüksək olub. Əldə olunan məhsul yaşıl yem kimi iribuynuzlu cins mal-qara tərəfindən həvəslə mənimsənilib. Eyni zamanda, toxum məhsulu da tədarük edilib. Toxumun quşlar üçün yem kimi hazırlanma texnologiyası haqqında da məlumatlar hazırlanıb.

Amarant bitkisinə heyvandarlıq təsərrüfatlarında böyük maraq və ehtiyacı nəzərə alaraq hər iki institutun əməkdaşları bölgələrə səfər edərək təlimlər keçəcək, fermerləri məlumatlandıracaqlar.