İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. Oğuzun Xaçmazqışlaq kəndinə sel gəlib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, iki gündür yağan güclü yağışlar nəticəsində şəxsi təsərrüfatlara, fındıq bağlarına, eləcə də kənd körpülərinə ciddi ziyan dəyib.
Kənd sakini İlkin Alxaslı bildirir ki, leysan nəticəsində şəxsi təsərrüfatı zərər görüb, bağları lil basıb. Onun sözlərinə görə, bir anda başlayan güclü leysan nəticəsində suyun səviyyəsi qalxıb.
Kənd sakinlərinin istifadə etdikləri arxlardakı su həyətlərə daşıb. Nəticədə yığılmlş fındıq və digər meyvələr su altında qalıb. İlkin Alxaslının 1 tona yaxın fındığını isə sel aparıb.
Bununla yanaşı, kəndin bir neçə körpüsü dağılaraq yararsız hala düşüb.