BAKI, 8 sentyabr — Sputnik. Gürcüstan Parlamentinin deputatı, Rusiya ilə birbaşa dialoq qurulmasının tərəfdarı olan Emzar Kvitsiani bu gün baş verən insidenti şərh edib.
Sputnik Gürcüstan bildirir ki, "Gürcüstan Vətənpərvərləri Alyansı" partiyasından olan deputat deyib ki, heç kimi döyməyib, əksinə, ona hücum edən aksiya iştirakçılarından özünü qoruyub.
Bazar günü çoxsaylı jurnalist və operatorların əhatəsində deputat mitinq edənləri təhqir edib, ana söyüşü söyüb. Etirazçılar Kvitsianini fitə basıblar, o isə əlbəyaxa davaya keçməyə cəhd edib. Polis bunun qarşısını almağa çalışanda deputat polisə qışqıraraq onu saxlamamağı tələb edib.
"Bu gün biz hökumətin lehinə səs vermədik. Buna görə də mən durub iclas zalından çıxdım, öz kabinetimə getdim. İşim vardı, amma kompüterim söndürülmüşdü. Taksi çağırdım. Taksi yuxarı qalxa bilmədi, mən endim. Mən gedirdim, hücum etdilər. Mənim üzərimə fitlə, qoyunlarla hücum etdilər, söyməyə başladılar", - Kvitsiani Birinci kanala deyib.
Deputat izah edib ki, həyat onu emosional edib.
"Mən müdafiə olunurdum, fiziki cəhətdən kimsəyə zor tətbiq etməmişəm. Kimi vurmuşam? Nə vaxt? Kadrları göstərin. Mən emosional adamam, həyatım başqalarınkından fərqli olub. Əgər qanun pozuntusu olubsa, aşkar ediləcək. Mən adamları itələyirdim, camaatdan özümü qoruyurdum", - Kvitsiani deyib.
Aksiya iştirakçıları isə Kvitsianini "satqın" adlandırıb, dinc vətəndaşları döydüyünü deyiblər. Onlar Kvitsianini deputat mandatından məhrum edərək cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. DİN artıq "zorakılıq" maddəsi ilə cinayət işi başlayıb.
Xatırladaq ki, bu gün Gürcüstan Parlamenti Georgi Qaxariyanın başçılıq edəcəyi Gürcüstanın yeni hökumətini təsdiq edib. Yeni hökumətin təsdiqlənməsi Parlament önündəki etiraz aksiyalarının fonunda keçib.