BAKI, 7 sentyabr — Sputnik. Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
15 nəfərə yaxın yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerində bir nəfər (kişi) ölüb. 10-dan çox sərnişinə isə ambulator yardım göstərilib.
Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.
Qəzada yaralanan qadın açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: “ Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər.
Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub".