CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övlad sahiblərinin on üç illik mübarizəsi nəticəsini verir

Ünvanlı dövlət sosial yardımı ilə uşaqpulunun necə uzlaşacağı maraq doğurur və bu məsələ göründüyü qədər asan deyil
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Artıq bir müddətdir ki, Azərbaycanda uşaqpulunun bərpası gündəmdədir. Müzakirə olunan əsas məsələlərdən biri isə, uşaqpulunun ünvanlı sosial yardımla bərabər verilib-verilməməsidir. Deputatların bir qismi hesab edir ki, uşaqpulu ilə yanaşı ünvanlı sosial yardımın verilməsi məqsədəuyğun deyil. Çünki uşaqpulu yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanından məhrum olunacaq. Buna da səbəb, ailənin gəlirləri artdığı halda aztəminatlı ailələrə ünvanlı sosial yardımın tətbiq olunmamasıdır.

Sputnik Azərbaycan-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq uşaq pulunun bərpasının hansı halda mümkün olduğunu araşdırıb.

Millət vəkili: “Yas mərasimləri dini etiqadın prinsiplərinə uyğun deyil”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələyə kompleks baxmaq lazımdır: "Sosial təminat sistemini araşdırmaq lazımdır ki, görək hansı sərf edir, hansı nə qədər vəsait tələb edir. Mən uşaq pulunun verilməsinin tərəfdarıyam. Fikrimcə, dövlət ən azı 6 yaşa kimi uşaqlara uşaq pulu verməldir. Amma bu tərəfdən də aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımı verilir. Bu pul aztəminatlı ailələrə ona görə verilir ki, uşaqlarını böyüdə bilsin. Ona görə də bu məsələyə kompleks yanaşaraq araşdırılma aparılmalıdır. Ola bilər ki, ünvanlı sosial yardım kifayət qədər deyil. Bu halda uşaqların normal böyüməsi üçün yardımlar olunmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, ünvanlı yardım da ailəyə verilir, uşaqlar üçün xərclənir. Amma bununla belə, uşaq pulu ayrıca da verilə bilər. Bunun üçün istənilən halda hesablama aparmaq lazımdır. Mən uşaq pulunun verilməsinin tərəfdarıyam. Hesab edirəm ki, bütün uşaqlara uşaq pulu verilməlidir. Amma axı ünvanlı sosial yardıma da kifayət qədər vəsait ayrılır. Birdən-birə bu barədə qərar verilə bilməz".

V. Əhmədov bildirib ki, uşaq pulu məsələsi bu sessiyada Milli Məclisdə qaldırılaraq müzakirə olunacaq.

Xatırladaq ki, 2006-cı il iyunun 1-dən Azərbaycanda "uşaqpulu" verilmir. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan (3.3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9000 manat (1.8 AZN) məbləğində müavinət verilirdi.Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb.

Bu ailələrin uşaqlarına pulsuz məktəb ləvazimatları veriləcək

Deputat deyir ki, ölkəmizdə sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, Azərbaycanda 10-dan çox sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib. Bura sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara aylıq sosial müavinət, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət, beşdən çox uşağı olan qadınların uşaqlarına aylıq sosial müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial müavinət, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət, valideyn himayəsindən məhrum olmuş uşaqlara aylıq sosial müavinət, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət daxildir. Qeyd olunanlarla yanaşı birdəfəlik müavinət də ödənilir ki, buraya yeni doğulan uşaqlara görə, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına (ildə bir dəfə) daxildir. Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır. Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.