BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın Lipetsk vilayətində iki döyüş təyyarəsi toqquşub.
Sputnik Azərbaycan "REN TV" telekanalına istinadən xəbər verir, "Su-34" qırıcı-bombardımançı təyyarələri təlim-məşq uçuşu zamanı göydə toqquşublar.
Qeyd olunur ki, təyyarələrdən birinin qanadı digərinin kabinəsinə dəyib, sonra isə təyyarələri döndərməyə çalışarkən onlar toqquşublar. Təyyarələrdən birinin mühərrikinə qırılmış parçaların düşdüyü bildirilir.
Hər iki təyyarəyə ciddi zərər dəyib, lakin buna baxmayaraq, təyyarələri yerə oturtmaq mümkün olub. Pilotların sağ qaldığı bildirilir.
Qeyd edək ki, dünən Rusiyanın Saratov vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb. Hadisə Sokolovıy qəsəbəsi yaxınlığında baş verib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbi helikopter uçuş-enmə zolağında sürət yığarkən çevrilib.
Qeyd edilir ki, qəza zamanı helikopterin göyərtəsində sərnişin olmayıb, ekipaj üzvləri isə vaxtında kabinədən çıxa biliblər.
Qəzanın helikopterin şassi dirəklərindən birinin sınması səbəbindən baş verdiyi bildirilir.
Xatırladaq ki, sentyabrın 3-də Stavropol əyalətində Rusiyanın "Su-25UB" təlim-döyüş təyyarəsi qəzaya uğrayıb. Verilən ilk məlumatlarda təyyarənin pilotlarının katapult vasitəsilə kabinədən çıxa bildikləri qeyd olunsa da, sonradan onların həlak olduğu və meyitlərinin qəza ərazisində tapıldığı bildirilib.
Qeyd edilir ki, "Su-25UB" təyyarəsinin pilotları plana uyğun olaraq təlim-məşq uçuşu həyata keçirirmişlər. Təyyarə uçuş zamanı sursatsız olub və insanların olmadığı əraziyə düşüb.