BAKI, 6 sentyabr — Sputnik. Zimbabvenin keçmiş prezidenti Robert Muqabe 95 yaşında vəfat edib. Bu barədə Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir.
Robert Muqabe 1924-cü il fevralın 21-də anadan olub. Müəllim təhsili almış Muqabe 1980-cı illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra ölkədə bir partiyalı sistem yaradıb. O, həm Zimbabvedə, həm də dünya üzrə insan haqlarını pozmaqda ittiham olunub və tənqidlərə məruz qalıb.
İdeoloji cəhətdən Afrika milliyyətçisi olan Muqabe 1970 və 1980-cı illərdə özünü Marksist-Leninist, 1990-cı illərdən sonra isə sosialist adlandırıb.
Media tərəfindən “Yoldaş Bob” adlandırılan Muqabe karyerası boyu bir neçə rəhbər vəzifə tutub. O, 1980-cı ildən 1987-ci ilədək baş nazir, 1987-ci ildən 2017-ci ilədək isə prezident olub. 2015-2016-ci illərdə Muqabe Afrika Birliyinə də rəhbərlik edib.
2017-ci ilin noyabrında baş tutmuş çevriliş nəticəsində Muqabe vəzifəsindən uzaqlaşdırılıb və ev dustağı kimi saxlanılıb.