CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ bölgəsində tikilən və bərpa edilən evlərlə bağlı son məlumat

Bərpaya ehtiyacı olan 2192 evdən bu günə kimi 1339-da bərpa işlərinə başlanılıb
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün Şamaxı şəhərində jurnalistlərlə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyinin (FHN) zəlzələ bölgəsi üzrə ezam olunmuş nümayəndəsi Həsən Qasımzadə məlumat verib. O bildirib ki, zəlzələnin zərər vurduğu evlərə nazirliyin mütəxəssislərindən ibarət 36 qrup tərəfindən baxış keçirilib.

Zəlzələ bölgəsində tikilən və bərpa edilən evlərlə bağlı son məlumat

H.Qasımzadə qeyd edib ki, zəlzələdən ziyan çəkmiş ərazilərdə bu günə kimi vətəndaşlar tərəfindən daxil olan müraciətlərə müvafiq komissiyalar tərəfindən baxılıb. Yaşayışın olmadığı evlərdə isə müraciətlərə baxmaq mümkün olmayıb:

"Komissiyanın rəyinə uyğun olaraq regionda 847 fərdi yaşayış evi qəzalı hesab edilib. Hal-hazırda tikintisi başa çatmış 251, tikintisi davam etdirilən 257 fərdi yaşayış evi var. Bərpaya ehtiyacı olan 2192 evdən bu günə kimi 1339-da bərpa işlərinə başlanılıb. 449 evdə isə bərpa işləri yekunlaşdırılıb. Yerdə qalanlarında isə bu istiqamətdə işlər davam etdirilir".

Həsən Qasımzadə bildirib ki, zəlzələ baş verən rayonlarda inşa edilən evlərin keyfiyyəti ciddi nəzarətdə saxlanılır. Onun sözlərinə görə, Nazirliyin regionda olan texniki qrupları Şamaxı, Ağsu və İsmayıllıda inşa edilən evlərin keyfiyyəti ilə maraqlanır: "Bu günə kimi yaşayış olan evlərdən bizə keyfiyyətlə bağlı heç bir şikayət olmayıb".

Xatırladaq ki, bu ilin fevral ayının 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.