Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. "Yeni ulduz" müsabiqəsində qalib gələndən sonra şəxsi həyatındakı qalmaqallarla daha da məşhurlaşmış müğənni Vüqar Muradov doğulduğu Qax rayonuna həsr etdiyi mahnıdan imtina edib. O, bu barədə Facebook səhifəsində məlumat verib.
Sputnik Azərbaycan-a açıqlamasında isə Muradov bu addımının səbəblərinə aydınlıq gətirib.
“Mən tanınmağa başladığım 2007-ci ildən indiyə qədər hər dəfə efirə çıxanda Qax və qaxlılar haqqında danışmışam. Minlərlə insana Qaxı tanıtmışam və onları ölkəmizin bu dilbər guşəsini görməyə cəlb etmişəm. Eyni zamanda Qaxda saysız-hesabsız verilişlər çəkdirmişəm. İnsanlarda Qax haqqında müsbət təəssürat yaratmışam. Ən reytinqli televiziya verilişlərinə aşpaz gətirib Qax mətbəxinə məxsus xörəkləri bişirtdirib reklam etmişəm. Hətta elə olub ki, yemək proqramlarında özüm Qaxın məşhur sürhüllü yeməyini bişirmişəm. Düşünürəm ki, doğulub-böyüdüyüm torpaqla bağlı üzərimə düşən borcu artıqlamasıyla yerinə yetirmişəm. Amma təəssüflə bildirirəm ki, 12 ildir "Yeni ulduz" müsabiqəsində yerlilərim tərəfindən mənə göndərilən SMS-lər hələ də mənim və ailəmin başına qaxılır” – deyən müğənni həmyerlilərinin onu toylara aparmamasından, xeyri başqalarına verməsindən də gileylənib.
“Kifayət qədər adamın toyunda təmənnasız oxumuşam. Nadir hallarda, demək olar, ildə bir dəfə Qax toyunda oxuyaram, orda da qonorarın yarısını alıram ki, yerlilərimə maddi ziyan dəyməsin. Lakin onlar xeyri mənə yox, başqalarına verirlər. Biz özümüzü sevmirik və bundan da bezmirik. Başqalarının paxıllığını çəkməkdən, qeybət eləməkdən, irəli gedənə şəbədə qoşmaqdan bezmədik” - deyə müğənni yerlilərinin hər fürsətdə onu aşağıladığını, ona söz qoşduğunu bildirib.
İlk dəfə Qax ləhcəsində qaxlılara mahnı qoşduğunu xatırladan müğənni, bunu rayonun reklamı üçün etdiyini də etiraf edib: “Ölkəmizdə ilk dəfə bir rayonun ləhcəsində mahnı yazılıb ki, onu da mən yazmışam. Bu mahnı bütün radiolarda səslənib. Bu elə Qaxın reklamıdır.
Müğənni bir də heç vaxt heç bir verilişin efirində Qaxla bağlı danışmayacağına and içib: “Mən söz vermişəm ki, bir daha efirdə Qax və qaxlılar barədə danışmayacağam. Fikrimə sayğı duyub-duymamaq tamaşaçılarımın və yerlilərimin öz işidir. Buna baxmayaraq, Qaxı və yaxşı qaxlıları dəlicəsinə sevirəm və hər şeyə rəğmən də sevməkdə davam edəcəyəm”.