CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pakistanlılar Azərbaycana əlidolu gəlirlər – "İxraca nə gərək var? Biz təşkil edərik"

Biz görürük ki, Azərbaycan bir çox məhsulları Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Pakistan Azərbaycanda farmakologiya və tekstil sahələrində hər iki ölkədən olan biznesmenlərin birgə iştirakı ilə müəssisələr yaratmaq niyyətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizə Pakistandan dövlət rəsmiləri və özəl sektoru təmsil edən 150-dən çox biznesmen gəlib.

Hacı Zeynalabdin Tağıyev Pakistan xalqını necə xilas etdi - tarixçi danışır

Ölkəmizdə səfərdə olan biznesmenlərin böyük bir hissəsi Pakistanın Xayber Paxtunxva əyalətini təmsil edir. Pakistanlı biznesmenlər bu gün azərbaycanlı həmkarları ilə görüşlər keçirəcək, təmsil etdikləri sahələr üzrə fikir mübadiləsi aparacaqlar. Bu gün həmçinin Bakıda Pakistanın Sərhəd, Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə biznesdə ən yaxşıların mükafatlandırılması mərasimi olacaq.

Bu münasibətlə Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

Pakistanın Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının prezidenti Feyzi Məhəmməd qeyd edib ki, bu tədbirlə bağlı Pakistandan 150-dən çox biznesmen Azərbaycana gəlib: "Özəl sektorla yanaşı, dövlət müəssisələrinin təmsilçiləri də Bakıya gəliblər. Bu bizim sayca ikinci tədbirimizdir. İlk tədbirimiz İstanbulda keçirilmişdi və 120-dən çox pakistanlı biznesmenin qatıldığı konfrans biznes sahəsində uğurlu iş birliyinin yaranması ilə nəticələnib".

Pakistanlılar Azərbaycana əlidolu gəlirlər – "İxraca nə gərək var? Biz təşkil edərik"

Ticarət Palatasının prezidenti qeyd edib ki, təmsil etdiyi əyalət neft-qaz ehtiyatları ilə zəngindir və vilayət rəhbəri bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir: "Bu vilayət bütün Pakistanın neft ehtiyacının 50%-ni təmin edir. Azərbaycanın isə neft-qaz yataqlarının işlənməsində çox böyük təcrübəsi var. Biz bu sahədə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Bundan əlavə, Xayber Paxtunxva vilayətinin turizm sahəsində də böyük potensialı var ki, biz azərbaycanlı turistləri bu bölgəyə səfər etməyə çağıracağıq".

Xayber Paxtunxva əyalətinin Sənaye Ticarət Palatasının vitse-prezidenti Zahid Şinvari isə əyaləti təmsil edən biznesmenlərin Azərbaycanda farmakologiya, tekstil sahələrinə investisiya yatırmaq niyyətində maraqlı olduqlarını bildirib:

"Biz görürük ki, Azərbaycan bir çox məhsulları Türkiyədən idxal edir. Biz isə tekstil, neft-kimya və digər məhsulları Azərbaycanda istehsal etmək istəyərdik. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Biz bu sahədə təcrübəmizi Azərbaycanla da bölüşmək niyyətindəyik. Azərbaycanın rayonlarında pambıq yetişdirilir. Bu sahədə böyük potensial var. Biznesmenlər azərbaycanlı həmkarları ilə görüş zamanı bu imkanları da nəzərdən keçirəcəklər".

Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd xatırladıb ki, Pakistanda əczaçılıq inkişaf etmiş sektordur: "Hazırda bu sahədə ölkədə 2000-dən çox farmakologiya müəssisəsi var. Bizim bu sahədə böyük təcrübəmiz var. Mən ölkəmizdən olan biznesmenlərlə bu sahədə müzakirələr aparmışam. Onlar Azərbaycanda bu sahəyə investisiya yatırmaq istəyirlər. Pakistanlı biznesmenlər Azərbaycan bazarı ilə yanaşı, öz dərman məhsullarını MDB ölkələrinin bazarlarına çıxarmağı da hədəfləyirlər".