SƏHİYYƏ

Minlərlə böyrək xəstəsinin ümidi beyin ölümü keçirənlərə qalıb

Azərbaycanda qanunvericilik ancaq qohumluğu olanlara donor olmağa icazə verir. Bu şəxslər ata, ana, bacı, qardaş, əmi və xala uşaqları ola bilər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda bu günlərdə 65 yaşlı ananın donorluğu ilə 37 yaşlı pasiyentə böyrək köçürülüb. Böyrəkköçürmə əməliyyatını həyata keçirən urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolan bildirib ki, böyrəkköçürmə əməliyyatı hemodializi yaşam üsulu seçmək məcburiyyətində qalan insanlar üçün nicat yoludur.

Bu qorxunc xəstəlik Azərbaycanda da ölümlərə səbəb olur

Cərrahın bildirdiyinə görə, təcili əməliyyatın aparılmasına göstəriş xəstənin qısa müddətdə aldığı hemodializ seanslarının yaratdığı fəsadlar olub. Onun sözlərinə görə, hemodializ vasitəsilə qan təmizlənsə də, bununla sağlam böyrəklərin bütün funksiyalarını əvəz etmək mümkün deyil. Böyrəklər fəaliyyətini dayandırarsa və insan hemodializ seansları qəbul etməyə məcbur olarsa, orqanizmin digər funksiyaları da tənəzzülə uğrayır. Bu da perikardit, anemiya, sümük xəstəlikləri, arterial hipertoniya, qanda kaliumun yığılması, sinir sisteminin pozulması kimi bir sıra fəsadlara yol açır.

Qeyd edək ki, böyrəkköçürmə əməliyyatı bu gün hemodializdən asılı həyat yaşayan insanların çoxunun arzusudur. Bəs görəsən, Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin nə qədəri bu arzusunu reallaşdıra bilir?

Millət vəkili: "İnsanları həyata qaytarmaq imkanımız olacaq">>

M.C.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, böyrəkköçürmə hemodializ alan xəstələrin çoxunun istəyi olsa belə, pasiyentə böyrək köçürülməsi barədə qərarı həkim verir.

F.Babayev deyir ki, hər pasiyent bunu öz arzusu ilə həyata keçirə bilməz. Nefroloqun sözlərinə görə, Azərbaycanda il ərzində təxminən 80 nəfərə böyrək köçürülür. O, ölkədə hazırda dializdən asılı 3900 xəstənin olduğunu bildirir. Həmsöhbətimiz deyir ki, pasiyentlərin 900 nəfəri 15 yaşına qədər olan uşaqlardır. F.Babayev deyir ki, son 15 ildə ölkəmizdə “Xroniki Böyrək Çatışmazlığı” haqqında Dövlət proqramı qəbul edildikdən sonra Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb:

“2006-cı ildə 3 hemodializ mərkəzində 241 xəstə müalicə alırdısa, indi ölkəmizin 43 hemodializ mərkəzində 3900 böyrək xəstəsi dövlət hesabına müalicə olunur. Hazırda hemodializ müalicəsi alan ən kiçik xəstənin 6, ən böyüyünün 87 yaşı var. Aparılan statistikaya görə, dünya üzrə hər il xəstələrin ümumi sayında 20-23 faiz artım müşahidə olunur, ölüm faizi 18-19 faiz təşkil edir. Son on ildə ölkəmizdə hemodializ xəstələrinin yaşam müddəti artıb”.

Nefroloq deyir ki, xroniki formada tədricən böyrəklərin funksiyasını itirməsi nəticəsində baş verən bu xəstəliyin ilkin mərhələlərində dərman vasitələri ilə müalicə mümkün effekt versə də, dördüncü və beşinci mərhələdə hemodializ müalicəsinə ehtiyac yaranır. Odur ki, bu gün böyrək çatışmazlığından əziyyət çəkən xəstələr hemodializə cəlb olunurlar.

F.Babayevin sözlərinə görə, ölkəmizdə hemodializ xəstələr uçun pulsuz təşkil olunur. Nazirlər Kabinetinin 19 iyul 2006-cı il tarixli 179 nömrəli və 26 noyabr 2010-cu il tarixli 227 nömrəli qərarları ilə “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqram”larının qəbulu ilə əlaqədar bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub:

“Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır. Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır”.

F.Babayev deyir ki, Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 17 saylı qərarı ilə yeni qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib. Şöbə müdiri deyir ki, inkişaf etmiş Avropa ölkələrində hər milyon nəfərə düşən hemodializ xəstələrinin sayı 800-900, Yaponiyada 1100-1800 nəfər civarındadır. Bu, həmin ölkələrdə xəstəliyin daha erkən mərhələdə aşkarlanması ilə əlaqədardır.

Ciyərimizi dağıdan viruslar - ikinci dozanı almayanda ömrümüzü yeyir

F.Babayev Azərbaycanda böyrəkköçürməyə mane olan amillərdən də danışdı. O, qeyd etdi ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda böyrəkköçürmə əməliyyatları üçün mütləq qohum donor tələb olunur. Bu isə böyrək köçürülməsi üçün müraciət edənlərin, böyrək köçürülməsi qərarı verilənlərin donor tapmasında müəyyən çətinliklərə yol açır: “Azərbaycanda qanunvericilik ancaq qohumluğu olanlara donor olmağa icazə verir. Bu şəxslər ata, ana, bacı, qardaş, əmi və xala uşaqları ola bilər. Bu isə təbii ki, böyrək köçürməsi üçün müraciət edənlərə çətinliklər yaradır. Amma Azərbaycanda beyin ölümü keçirənlərin orqanlarından donorluq üçün istifadə edilməsi məsələsi Milli Məclisin gündəliyindədir. Bu qanun qəbul olunarsa, böyrək köçürmək üçün müraciət edən, donor tapa bilməyən pasiyentlərin işi də yüngülləşər.