Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 4 sentyabr — Sputnik. Son araşdırmalar antibiotiklərin xərçəng xəstəliyinə səbəb olduğunu sübut edib. Alimlərin apardıqları son tədqiqatlar zamanı bəlli olub ki, antibiotiklər daha çox bağırsaqda bədxassəli şişlərin yaranmasına səbəb olur.
Statistikalar isə onu göstərir ki, ümumiyyətlə son illərdə bütün dünyada belə dərman preparatlarından istifadə ilə bağlı rəqəmlər artmaqdadır. Statistikaya görə, antibiotikdən istifadə xüsusən də 2000-2010-cu illər aralığında 35 faiz artıb. Bu da həmin dövrdə illik olaraq 70 milyard dozada antibiotikin qəbul edilməsi, yer kürəsi əhalisinə hər nəfərinə isə 10 dozanın düşməsi deməkdir.
Aparılan tədqiqatlar onu göstərir ki, antibiotiklər bağırsaqlardakı "pis" mikrobların daha da geniş vüsət almasına səbəb olur.
8 ildən artıq aparılan araşdırmalar nəticəsində xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin 68 faizinin antibiotik istifadəçisi olduğu bəlli olub. Alimlər sübut edir ki, antibiotikləri 60 gündən artıq qəbul etmək xərçəngə səbəb olur.
Antibiotik və onun zərərlərinin azaldılması istiqamətində müxtəlif ölkələrdə maarifləndirici addımlar atılır.
Maraqlıdır, bəs, ölkəmizdəki vəziyyət necədir?
Səhiyyə üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, indinin özündə də sovet dövründə olduğu kimi lazım oldu, olmadı xəstəyə antibiotik təyin olunur. Bəzən bu cür dərmanların yazılmasının korporativ addımlara xidmət etdiyini vurğulayan ekspert nəticənin ağırlığından danışıb: "Gərəksiz yerə antibiotiklərin qəbulu nəticə etibarı ilə bəzi faydalı mikrobların həssaslığının azalmasına səbəb olur. İlkin olaraq şəxsin antibiotikə həssaslığı öyrənilməlidir. Xüsusi qrup xəstələrə də antibiotik təyin olunarkən bu cür amillərə nəzər yetirmək vacibdir".
Eyni zamanda o, antibiotikdən imtinanın mümkünsüzlüyünü də dilə gətirib: "Düzdür, tamamilə antibiotikdən imtina edə bilmərik. Amma gərəksiz olaraq antibiotiklərdən istifadə edilməsinin qarşısı alınmalıdır. Əməliyyatdan sonra da gərəksiz olaraq antobiotik təyinatından imtina edilməlidir".
“Antibiotiklərdən istifadə nəticəsində 30-35 faiz yan təsirlər də meydana çıxır. Bu yan təsirlər sırasında allergik reaksiyaları da qeydə edə bilərik. Bu cür allergik reaksiyalar ən pis halda şoka səbəb olaraq, ölümlə də nəticələnə bilər" – deyə həmsöhbətimiz əlavə edib.
Azərbaycan Tibb Universitetinin Klinik Farmokologiya və Farmoterapiya şöbəsinin müdiri, professor Adil Baxşəliyev Sputnik Azərbayan-a açıqlamasında bildirib ki, antibiotiklərin qaraciyərə, böyrəklər və ürəyin fəaliyyətinə, eyni zamanda yeni hüceyrələrin yaranmasına mənfi təsiri danılmazdır. O, hansı hallarda antibiotik qəbulunun yolverilən olduğundan da danışıb: "Hərarət 37-38 olarsa, bu zaman dərhal antibiotik təyinatı düzgün deyil. Hərarət 39 və daha yuxarı olarsa və düşməzsə, bu zaman antibiotik təyin etmək olar. Əlbəttə, bunun üçün də öncə qandan analiz götürülməli və hansı mikrobların olduğu təyin olunmalıdır. Bu mərhələ törədiciliyin identifikasiyası adlanır. İkinci mərhələdə isə mikrobun hansı antibiotikə yüksək həssaslığının olması təyin edilməlidir".
O, bildirib ki, xəstələr bəzən gərəksiz yerə, soyuqdəyməyə görə də antibiotik qəbul edirlər. A.Baxşəliyevin sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün dərmanların apteklərdə reseptlə satılması vacibdir.
Professor həkimlərin antibiotik təyinatı ilə bağlı ümumi vəziyyəti də qiymətləndirib: "Bunun üçün savadlı həkim olmaq və farmokologiyanı bilmək vacibdir. Əfsus ki, bəzən həkimlərimiz bu məsələyə barmaqarası baxırlar. Düzgün doza təyin edən həkim də var, etməyən də var. Yoruldum deməkdən ki, “ay yoldaşlar preparatı xəstəyə bir dəfə təyin edərlər”. Bəzən bir preparatı 2 dəfə və ya daha artıq təyin edəndə əlavə təsirlər meydana çıxır".
Adil Baxşəliyev də bu gün antibiotikdən tamamilə imtinanın mümkün olmadığını təsdiq edib: “Bunun üçün dozanın düzgün seçilməsi önəmlidir. Məsələn, yaşlı adamlara uşaqlar üçün nəzərdə tutulan dozada antibiotik verilməlidir. Bir problem həll edərkən, başqa problem yaratmamaq lazımdır. Bunun üçün həddindən artıq diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki günümüzdə yeni dərman preparatları istehsal edilir".
O, antibiotiklərin xərçəngə, xüsusən də bağırsaq xərçənginə səbəb olması ilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: "Antibiotiklər bilavasitə bağırsaq xərçənginə səbəb olmurlar. Bağırsaqda mikroflora pozula bilər. Bundan başqa, antibiotiklərin təsirindən qaraciyərdə müəyyən dəyişikliklər yarana, serroz əmələ gələ bilər".