Baş nazir kim olacaq? - Tbilisi etiraza qalxdı

Gürcüstanın baş naziri vəzifəsi Mamuka Baxtadzenin dünən istefa verməsi ilə boş qalıb. O qeyd edib ki, öz missiyasını yerinə yetirib, amma hakim partiyadan çıxmayacaq
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə gənc fəallar və müxalifətçilər yenə parlament önünə toplaşaraq etiraz aksiyası keçirirlər.

Sputnik Gürcüstan xəbər verir ki, onların tələbi Daxili İşlər naziri vəzifəsini icra edən Georgi Qaxariyanın istefası və həmin şəxsin Baş nazir vəzifəsinə təyinatdan imtina etməsidir. 

"Gürcü arzusu" çin olur - Hakim partiyadan rəqiblərinə şillə kimi cavab

Aksiyada bir neçə yüz insan iştirak edir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Rulofs, Saakaşvilinin banisi olduğu "Vahid milli hərəkat" partiyasının nümayəndəsi Zaal Umudaşvili, "Avropa Gürcüstanı  - azadlıq uğrunda hərəkat" partiyasından deputat Elene Xoştariya, "Yeni Gürcüstan" partiyasının lideri Georgi Vaşadze və digər siyasətçilər də etiraz edənlərin arasındadırlar.

Tribunadan çıxış edən gənc fəallar Qaxariyanın 20-21 iyul etirazları zamanı polisin fəaliyyətinə görə məsuliyyəti boynuna götürməsini və bu səbəbdən istefa verməsini tələb edirlər.

"Qaxariyanın namizədliyi keçməməlidir", - aksiyanın təşkilatçılarından olan Şota Diqmelaşvili deyib.

O, həmçinin iyulun 20-21-dəki aksiyalarda saxlanılanların işinin obyektiv araşdırılmasını tələb edib. Həmin gecə etirazçılar parlamentə daxil olmağa çalışmış, polis isə gözyaşardıcı qaz və rezin güllələr tətbiq etmişdi. Çaxnaşma və mitinqin dağıdılması zamanı 240 nəfər, o cümlədən 80 polis yaralanmışdı.

"Həbsdə qalan 19 adamın işi gerçəkdən araşdırılmalıdır, söz verib, sonra ört-basdır etdikləri kimi yox, - Diqmelaşvili deyib. - Bundan başqa, dərhal 2020-ci ildəki seçkilərin proporsional qaydada keçirilməsi üçün prosedurlar başladılmalıdır. Qoy maksimal qısa müddətdə lazımi iclasları keçirib bizə söz verdiklərini yerinə yetirsinlər".

Parlament artıq Konstitusiyaya müvafiq düzəlişlərin ictimai baxışını təmin edəcək komissiyanın tərkibini təsdiq edib. Gürcüstan hökuməti 2020-ci ildə seçkilərin yalnız proporsional qaydada keçirilməsi ilə razılaşıb, üstəlik bildirilib ki, keçid həddi sıfıra bərabər olacaq.

Gürcüstanın baş naziri vəzifəsi Mamuka Baxtadzenin dünən istefa verməsi ilə boş qalıb. O qeyd edib ki, öz missiyasını yerinə yetirib, amma hakim partiyadan çıxmayacaq.