CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sakinlər üçün önəmli hesab edilən yolun təmiri bitir

Daha sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yol infrastrukturunun yaradılması işləri yekunlaşmaq üzrədir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı, həmçinin yol əsası inşa edilib.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib və kənarlarına yeni səki daşları düzülüb. Bundan başqa, Molla Cümə küçəsində mövcud yol ayrıcı sökülərək yenidən qurulub, aidiyyəti qurumlar tərəfindən yeni yeraltı kommunikasiya xətləri çəkilib.

Bakıda kanalizasiya kollektorunda qəza baş verib

Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq küçələr boyu zəruri yerlərdə hamarlayıcı, daha sonra iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlərdə tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması işləri də görülür. Bundan başqa yol kənarlarında xüsusi parklanma yerləri və avtobuslar üçün "cib"li dayanacaqlar qurulur.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun lazımi sayda qüvvə cəlb olunmaqla AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.