CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada "Qrad" raketləri aşkarlanıb

Raketlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Bu gün saat 10:38-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, 33-cü məhəllə ərazisində 7-8 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafa rayon şöbələrinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri, Ağstafa rayon Polis şöbəsinin və Təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 29 ədəd 122 mm-lik "Qrad" raketi (9M22U) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.