Poçt maşınını qaçırıb magistralı qan gölünə çevirdi - VİDEO

İlkin olaraq atəş açanın iki nəfər olduğu güman edilsə də, sonra məlum olub ki, cinayətkar tək olub
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. ABŞ-ın Texas ştatında atışma zamanı 5 nəfər ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fox 4 telekanalı məlumat yayıb.

"Beş nəfər həlak olub, iyirmi bir yaralı var", - məlumatda deyilir.

Hadisə şənbə günü baş verib. Yerli vaxtla təxminən saat 16-da Midlend və Odessanı birləşdirən yolda şəxsiyyəti məlum olmayan adam atəş açmağa başlayıb.

​Odessa şəhərinin polisi bildirib ki, silahlı məhv edilib. İlkin olaraq atəş açanın iki nəfər olduğu güman edilsə də, sonra məlum olub ki, cinayətkar tək olub. Şübhəli "30 yaşlarında ağ adamdır". O, poçt xidmətinin maşınını qaçırıb. Şəhər polisinin rəisi Maykl Gerk deyib ki, yaralılar arasında 3 hüquq-mühafizə orqanı işçisi var, bunlardan biri yol patrul xidmətinin əməkdaşı, biri Midlanddan, digəri Odessadan olan polis zabitləridir. 

Cinayətin motivi bəlli deyil. Adamın hansı silahdan atəş açdığı barədə də məlumat verilməyib. Hüquq-mühafizə orqanları hadisəni araşdırır.

​Olayla bağlı ABŞ Prezidenti Donald Tramp Twitter hesabından bildirib ki, ölkə prokuroru Uilyam Barr bu barədə ona məlumat verib. "FTB və hüquq-mühafizə orqanları tam gücləri ilə hərəkətə gəlib", - Prezident yazıb.

Xatırladaq ki, bu, Texasda avqust ərzində ikinci belə qanlı olaydır. Avqustun 3-də El-Paso şəhərindəki Walmart ticarət mərkəzində atışma zamanı 22 nəfər həlak olmuş, iyirmidən çox adam yaralanmışdı.