BAKI, 1 sentyabr — Sputnik. İsrailin Baş naziri Binyamin Netanyahu Livan tərəfindən raket hücumundan sonra "istənilən ssenari"yə hazır olmağı tapşırıb.
Sputnik AzərbaycanRİA-Novosti-yə istinadən bildirir ki, bazar günü Livan İsrailin sərhədyanı hərbi bazasını və hərbi texnikasını tank əleyhinə raketlərlə atəşə tutub. Ölən yoxdur. İsrail buna cavab olaraq Livanın cənubuna cavab zərbəsi endirib.
"Biz növbəti addımlara dair məsləhətləşmələr aparırıq. Mən istənilən ssenariyə hazır olmağı tapşırdım. Hadisələrin gedişi ilə növbəti addıma qərar verəcəyik", - Netanyahu deyib.
Baş nazir həmçinin əlavə edib ki, İsrail tərəfdən itki olmayıb, hətta "heç kimin sıyrığı da yoxdur".
İsrailin Müdafiə ordusunun mətbuat katibi Yonatan Konrikus bildirib ki, Livan tərəfdən raket atəşi 2006-cı ildən bu yana baş verən ən ciddi insidentlərdən biridir. Livanlılar tank əleyhinə raketlə hərbi təcili yardım maşınını vurublar, israillilər isə cavab olaraq qarşı tərəfə yüzlərlə artilleriya mərmisi atıblar.
"Taktiki cəhətdən Avivim rayonunda (sərhəd kəndi), belə görünür ki, insident başa çatıb, amma strateji cəhətdən vəziyyət inkişaf etməkdədir", - Konrikus xarici jurnalistlər üçün mətbuat konfrabsında bildirib.
Zabit bildirib ki, hərbçilər bir həftə boyunca "Hizbullah"ın hücumunu gözləyiblər. Bu təşkilat bəyan etmişdi ki, bu yaxınlarda İsrailin aviazərbələri nəticəsində Suriyada həlak olan fəallarının ölümünə görə qisas alacaqlar.
"Mümkün ssenarilər arasında biz tank əleyhinə raketlərdən atəşə tutulacağımızı gözləyirdik", - Konrikus deyib.
""Hizbullah" planlaşdırdığı hücumu etdi, amma bizə ziyan vura bilmədi", - o əlavə edib.
Hərbçilərin dediyinə görə, Livan tərəfdən 2-3 raket buraxılıb, bunlar sərhəd postu və hərbi təcili yardım maşınına dəyib.
"Bizə hücum edən yaraqlıların qrupuna yüzlərlə artilleriya mərmisi ilə cavab verdik, məhdud sayda vertolyotdan istifadə etdik", - Konrikus deyib.